Səbail rayonunda nöqsanlar aşkarlanan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 tədbiri ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 9A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əhmədov Nuru Əzizullah oğluna məxsus “Halal” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə olunan məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərin mövcud olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi, bəzi tərəvəzlərin döşəmə üzərinə yığılaraq saxlandığı, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin tor örtüklə təchiz edilmədiyi, işçi masaların gigiyenik materialla üzlənmədiyi, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolabın təşkil olunmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-10-2024, 17:48