mobil versiya

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib



Azərbaycan Respublikasının Oman Sultanlığına yeni təyin olunmuş səfiri Rəşad İsmayılov etimadnaməsini Sultan Heysəm bin Tariq Al Səidə təqdim edib.

Oman Sultanı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirib.
Sultan əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, Azərbaycan və Oman arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsində, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Səfir Rəşad İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Oman Sultanı Heysəm bin Tariq Al Səidə çatdırıb.
Minnətdarlığını bildirən Sultan Heysəm bin Tariq Al Səid, öz növbəsində, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. Həmçinin Bakı şəhərində keçirilən COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək, bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.


KARUSEL / SİYASƏT
Tarix: 14-11-2024, 17:01