Şövkət Ələkbərovanın ifa etdiyi mahnıların erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və “Bayram şamları” mahnılarınn erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb".
Reportyor.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin yaydığı məlumatda bildirilir.
"Bir neçə gün əvvəl Əqli Mülkiyyət Agentliyi Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etmiş olduğu, musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının “Youtube”da erməni musiqi nümunəsi kimi yerləşdirilmiş videonun “Youtube”un “BehrooZ Abshar” səhifəsindən silinməsi barədə məlumat vermişdi. Agentlik əlavə olaraq bildirir ki, aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib", - agentlikdən bildirilib.
Məlumatda qeyd olunur ki, “Töhfə” mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il mayın 30-da Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiətilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
"Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi “Getmə amandır” mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il dekabrın 13-də Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri Ansamblının müşayiətilə lentə aldırmışdı. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
Musiqisi Nazil Qəmərlinskinin və sözləri Xalq şairi Bəxtiyar Vahabzadənin olan “Yavaş-yavaş” mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il iyulun 1-də Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalği Alətləri Ansamblının müşayiətilə lentə alınıb. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin “Qızıl Fondu”nda 6693-S kod nömrəsi altında saxlanılır.
“Bayram şamları” mahnısının musiqisi Cahangir Cahangirovun, sözləri Şıxəli Qurbanovunduer. Mahnı 1968-ci il fevralın 8-də Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri Ansamblının müşayiətilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
Bir daha xatırladırıq ki, müğənni Ş.Ələkbərovanın “Youtube”də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video “Youtube”nin “BehrooZ Abshar” səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib”, - deyə Agentliyin məlumatında bildirilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-12-2024, 17:01