"Bayram günlərində müvafiq marşrutla 10 min 416 sərnişin daşınıb" - ADY
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün dekabrın 30-da və yanvarın 5-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Reportyor.az xəbər verir ki, QSC-nin yaydığı məlumata görə, qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 min 885 sərnişinə xidmət göstərib.
Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 sərnişin mənzil başına çatdırılıb.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə, ümumilikdə, 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 min 416 sərnişin daşınıb.
Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. Yanvarın 3, 4 və 5-də bu marşrut üzrə 578 sərnişinə xidmət göstərilib.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 min 233 sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.
Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-01-2025, 17:23