mobil versiya

ABŞ-da ermənilərin əleyhinə qərar: Türklərə uduzdular


ABŞ-da yaşayan ermənilər 1915-ci il hadisələrində ailə mülklərinə əl qoyulması iddiası ilə Türkiyəyə qarşı açdıqları məhkəməni 9 il sonra uduzublar. Teleqraf.com xatırladır ki, ABŞ erməniləri Türkiyə əleyhinə məhkəmə iddiasını 2010-cu ildə qaldırıb.
2010-cu ilin avqustunda Kaliforniya bölgə məhkəməsində erməni kökənli Aleks Bakalyan, Qarbis Davoyan, Hrayr Turabyan, həmin ilin yanvarında isə Anais Harutuniyan və Rita Mahdesyan tərəfindən Türkiyə dövləti və Mərkəzi Bankına qarşı iddia qaldırılıb.
9 il davam edən məhkəmə prosesi “zaman məhdudiyyəti” səbəbindən dayandırılıb.
Qeyd edək ki, bu məhkəmə prosesində Türkiyəni “Saltzman&Evinch” vəkil şirkəti müdafiə edib.
Şirkətin vəkili Devid Saltzman bildirib ki, erməni tərəfi indiki halda bu iddiasını ABŞ Ali Məhkəməsində qaldıra bilər: “Ancaq iddiaçıların bunu etmək ehtimalı azdır. Onların əvəzinə danışmaq istəmirəm. Ali Məhkəməyə getsələr belə, məhkəmənin bu məsələni yenidən icraata qəbul etmək ehtimalı çox aşağıdır. Bu səbəbdən də narahat deyiləm”.
Vəkil əlavə edib ki, ABŞ təməl hüququ mənimsəyib və bu səbəbdən də məhkəmələrdə əvvəlcədən alınan qərarlar dəyişdirilmir: “Bu qərar ABŞ-da bu mövzuda açılacaq bütün iddialar üçün bağlayıcı rolunu oynayacaq. Ancaq unutmayaq ki, ABŞ-da ermənilər yeni iddialar üçün yeni səhnələr axtaracaq.
Fikrimcə, bu qərar Türkiyə əleyhinə ittihamlarla çıxış etmək istəyənlərin qarşısında bir divar olacaq”.
Xatırladaq ki, sözügedən iddia ilə bağlı Kaliforniya Əyalət Məhkəməsi 2013-cü ilin martında qərar verərək bunun siyasi məsələ olduğu qənaətinə gəlmişdi. Ermənilərin vəkilləri 2013-cü ilin aprelində apelyasiya şikayəti vermişdi.

Müəllif: Cavad /Teleqraf/
KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 29-08-2019, 16:10