Səudiyyə Ərəbistanı Ramazan ayı münasibətilə Azərbaycana 5 ton xurma hədiyyə edib

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi təşkil olunub.
Reportyor.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Səfir deyib ki, bu əlamətdar gün münasibətilə iki müqəddəs ocağın xadiminin adından qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə etməkdən şərəf duyur.
Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin, nazir Əbdüllətif Al Şeyxin rəhbərliyi altında həyata keçirilir və nazirliyin nümayəndəsi Əbdürrəhman Əl- Əbdülkərimin iştirakı ilə icra olunur.

Bildirilib ki, xurma paylanması İslam ənənələrində xüsusi yer tutan mərasimlərdən biridir. Bu adət Ramazan ayı və anım mərasimləri, xeyirxahlıq tədbirləri, eləcə də Həcc ziyarətindən qayıdış zamanı Allahın nemətlərinə şükür və rəhmət diləyi niyyəti ilə həyata keçirilir.
Səfir qeyd edib ki, gətirilən xurmanın böyük hissəsi Qafqaz Müsəlmanları İdarəsinə təhvil veriləcək, qalan hissə isə Səudiyyə Ərəbistanı səfirliyi tərəfindən Azərbaycan Respublikasının müvafiq rəsmi qurumları vasitəsilə ehtiyac sahiblərinə paylanacaq.
Diplomat deyib ki, bu kimi humanitar proqramlar və xeyriyyə təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslanır, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu proqram Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsini əhatə edir.
Səfir əlavə edib ki, Səudiyyə Ərəbistanı Krallığının Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzinin himayəsi ilə yaxın vaxtlarda növbəti mərhələdə daha 25 ton xurmanın Azərbaycana göndərilməsi nəzərdə tutulur. Həmin partiya aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil veriləcək.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2026, 17:15



























