Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Sosial Xidmətlər Agentliyində olub

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.
Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan bayramı münasibətilə Azərbaycana göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Səfir qeyd edib ki, yardımın bir hissəsi Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də təqdim olunub. Onun sözlərinə görə, əsas məqsəd bu yardımların Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, xüsusilə ehtiyacı olan insanlara çatdırılmasıdır.
“Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.
Səfir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasının mövcudluğunu nəzərə alaraq, yardımların məhz bu qurum vasitəsilə paylanmasına üstünlük verildiyini deyib.
O bildirib ki, bu, humanitar dəstəyin ehtiyacı olan şəxslərə daha operativ çatdırılmasına imkan verəcək.
Eyni zamanda səfir müqəddəs Ramazan bayramı ərəfəsində Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırıb. O, həmçinin prosedurun asanlaşdırılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib.
Səfir çıxışında iki müqəddəs ocağın xadiminə və Səudiyyə Ərəbistanının vəliəhdinə də minnətdarlığını ifadə edərək, Azərbaycandakı dost və qardaş xalqa belə bir yardımın göndərilməsini yüksək qiymətləndirdiyini bildirib.Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov göstərilən diqqətə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verilib.
Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanılır. Paylanılma prosesi başa çatmaq üzrədir.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2026, 17:01



























