Pakistan səfirliyində dövlət bayrağının qaldırılması mərasim keçirilib

Pakistanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində bayraq qaldırma mərasimi keçirilib.
Mərasimdə azərbaycanlılar, eləcə də Pakistan icmasının üzvləri qardaşlıq həmrəyliyi ruhunda bir araya gəlib.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tərəfindən bayraq qaldırılıb. Tədbirin gedişində Pakistan Prezidenti Asif Əli Zərdari və Baş naziri Şahbaz Şərifin yazılı müraciətləri oxunub.

Səfir Pakistanın Cammu və Kəşmir məsələsində Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.
“Cammu və Kəşmir məsələsində bizə həmrəylik göstərdiyinə görə Azərbaycana minnətdarıq. Ötən ilin hadisələri bir daha açıq şəkildə göstərdi ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə nizamlanmadıqca, Cənubi Asiyada sülh mümkün olmayacaq”, – deyə səfir qeyd edib.
O, həmçinin dəyişməz diplomatik və mənəvi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“Əfqanıstandakı münaqişə və onun nəticələri hamımıza təsir edir. Pakistan və onun rəhbərliyi öz növbəsində vəziyyətin tezliklə deeskalasiyası və nizamlanması üçün bütün mümkün tədbirləri görməyə davam edəcək. Dualarımız bu münaqişənin bütün qurbanları və ondan kənarda olanlarla birlikdədir. Səmimi qəlbdən ümid edirik ki, regionumuzda sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq”, – deyə Q. Mohiuddin əlavə edib. (Trend)


Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-03-2026, 12:47



























