mobil versiya

“Bulaq” verilişinin qızıl səsli aparıcısı



Azərbaycan radiosunda “Bulaq” verilişini dinləyən hər kəs Məhluqə Sadıqovanı yaxşı xatırlayır. “Bulaq” verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb - Pəri, Yaxşı, Gülüş, Turac, Sona… saymaqla bitməyən xarakterik rollar.

Bu gün Məhluqə Sadıqovanın anadan olmasından 109 il ötür.
Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.
Uzun illər Milli Dram Teatrında Məhluqə Sadıqova ilə birgə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisanı belə xatırlayır:"1990-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə ağrılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarlarımız teatrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanım, - 1992-ci il noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi. Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir çox obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".




Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.
Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktrisa 2003-cü il avqustun 15-də Bakıda vəfat edib. (Azərtac)
    

Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 12:55