Milli Xalça Muzeyində sənət və ənənənin qovuşduğu növbəti əlamətdar hadisə baş tutub

Bu gün Azərbaycan Milli Xalça Muzeyində multidissiplinar rəssam Mədinənin “Bakıda küçə” əsəri əsasında toxunmuş xalçanın hanadan kəsimi mərasimi keçirilib.
Muzeyindən bildirilib ki, qədim xalçaçılıq ənənələrimizi yaşadan bu xüsusi mərasimin fəxri qonağı isə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğıl olub.

Yeni xalça rəssam Sevinc Əliyevanın hazırladığı texniki çeşni əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları Təranə Qasımova və Yeganə Abasova tərəfindən ərsəyə gətirilib.
Xatırladaq ki, bir müddət əvvəl muzeyimizdə rəssam Mədinənin yaradıcılığına həsr olunmuş “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi təşkil edilmişdi. Sərgidə müəllifin özünəməxsus bədii üslubunu əks etdirən, yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında işlənmiş əsərləri nümayiş olunmuşdu.

Sənətin müxtəlif ifadə vasitələrini bir araya gətirən bu layihə ənənəvi xalçaçılıq sənətinin müasir yaradıcılıqla uğurlu dialoqunun parlaq nümunəsidir.

Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-06-2026, 16:07



























