Puldan da dəyərli resurs - Biznesin yeni valyutası məlumatdır

Uzun illər biznes dünyasında uğurun əsas şərti maliyyə, istehsal gücü və ya böyük zavodlara sahib olmaq idi. Bu gün isə vəziyyət dəyişir. Rəqəmsal iqtisadiyyatda şirkətlərin ən dəyərli resurslarından biri məlumatdır.
Təsadüfi deyil ki, son illər iqtisadçılar və biznes ekspertləri "məlumat yeni kapitaldır" fikrini tez-tez səsləndirirlər. Bəs, məlumatı kapital edən nədir?Kapital gələcəkdə gəlir gətirən resursdur. Məsələn, bir şirkət yeni avadanlıq alırsa, məqsədi daha çox məhsul istehsal etmək və daha çox qazanc əldə etməkdir. Məlumat da eyni funksiyanı yerinə yetirir. Düzgün toplanmış və təhlil edilmiş məlumat şirkətə daha düzgün qərarlar verməyə, xərcləri azaltmağa, müştəriləri daha yaxşı tanımağa və yeni bazar imkanlarını vaxtında görməyə kömək edir.
Ancaq məlumatın bir üstünlüyü var ki, o istifadə olunduqca tükənmir. Əksinə, müxtəlif məlumatlar birləşdirildikcə onların dəyəri artır. Məhz buna görə müasir iqtisadiyyatda məlumat ən qiymətli aktivlərdən birinə çevrilib. Son illərdə süni intellektin sürətlə inkişafı da məlumatın əhəmiyyətini daha da artırıb. Süni intellekt sistemləri qərarlarını və proqnozlarını məhz məlumat əsasında verir. Əgər məlumat natamam və ya səhvdirsə, nəticələr də düzgün olmayacaq. Texnologiya nə qədər güclü olsa da, keyfiyyətsiz məlumatla uğurlu nəticə əldə etmək mümkün deyil. Bir çox şirkətlər böyük həcmdə məlumat toplayır. Lakin bu, avtomatik olaraq uğur demək deyil. Əsas məsələ həmin məlumatdan necə istifadə edilməsidir. Toplanan məlumat rəhbərlərin qərar qəbul etməsinə kömək etmirsə, o sadəcə kompüterlərdə saxlanılan fayllar toplusu olaraq qalır. Bu gün uğurlu şirkətləri fərqləndirən əsas xüsusiyyət onların bazarda baş verən dəyişiklikləri daha tez görməsi və daha sürətli qərar qəbul etməsidir. Bunun üçün isə etibarlı və keyfiyyətli məlumat bazası vacibdir. Məlumat şirkətə müştəri davranışını anlamağa, satışları proqnozlaşdırmağa, riskləri əvvəlcədən müəyyən etməyə və resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Maraqlıdır ki, şirkətin məlumat bazası əksər hallarda maliyyə hesabatlarında ayrıca aktiv kimi göstərilmir. Buna baxmayaraq, investorlar şirkətin gələcək inkişaf potensialını qiymətləndirərkən onun məlumat imkanlarına da diqqət yetirirlər. Çünki zəngin və keyfiyyətli məlumat bazası gələcəkdə daha böyük gəlir əldə etmək üçün mühüm üstünlük yaradır.

Rəqəmsallaşma dövründə artıq təkcə məlumat toplamaq kifayət etmir. Şirkətlər bu məlumatı düzgün idarə etməyi, təhlil etməyi və gündəlik qərarvermədə istifadə etməyi bacarmalıdır. Əks halda, ən müasir texnologiyalar belə gözlənilən nəticəni verməyəcək. Müasir biznesdə rəqabət təkcə məhsullar və ya xidmətlər arasında deyil, həm də məlumatdan daha ağıllı istifadə etmək bacarığı uğrunda gedir. Gələcəyin uğurlu şirkətləri ən çox məlumata sahib olanlar deyil, həmin məlumatı daha düzgün təhlil edib biznes dəyərinə çevirənlər olacaq.
Məlumat artıq sadəcə rəqəmlər toplusu deyil. O, düzgün idarə edildikdə gəlir gətirən, riskləri azaldan və inkişaf üçün yeni imkanlar yaradan strateji resursa çevrilir. Elə buna görə də müasir iqtisadiyyatda məlumat haqlı olaraq yeni kapital hesab edilir.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:48


























