mobil versiya

Botanika İnstitutunun əməkdaşı: Göbələklərin düzgün tanınmaması ciddi zəhərlənmələrə səbəb ola bilər



Göbələklərin yeməli və ya zəhərli olmasını müəyyən etmək hər zaman asan deyil. Bəzi növlər arasında xarici görünüş baxımından böyük oxşarlıq mövcuddur və bu da insanların səhvən zəhərli göbələkləri toplamasına səbəb olur.

Yaz aylarında geniş yayılan və göbələk həvəskarları tərəfindən toplanılan yeməli quzuqarnı göbələyi bəzən iynəyarpaqlı ağacların altında qumlu torpaqlarda bitən, “mal beyni” adlandırılan zəhərli göbələklə qarışdırılır. Halbuki həmin növ güclü toksiki təsirə malikdir və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu barədə Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva deyib.
Mütəxəssisin sözlərinə görə, yeməli payız kötükcəsi (Armillaria mellea) və yay kötükcəsi (Kuehneromyces mutabilis) növləri də morfoloji cəhətdən onlara bənzəyən, lakin zəhərli hesab edilən “Hypholoma fasciculare” ilə səhv salına bilər. Eyni zamanda, çiy halda istifadə edilə bilən “Russula virescens” növünün ölümcül zəhərli “Amanita phalloides” ilə qarışdırılması təhlükəli nəticələrə səbəb ola bilər.
Zəhərli göbələklər arasında ən təhlükəli qruplardan biri “Amanita” cinsinə aid növlərdir. Məlumata görə, göbələk zəhərlənmələri nəticəsində baş verən ölüm hallarının təxminən 95 faizi məhz bu cinsin nümayəndələri ilə əlaqələndirilir.
Professor deyib ki, “Amanita” cinsinə 600-ə yaxın növ daxildir. Bunların sırasında “Amanita citrina”, “Amanita pantherina”, “Amanita muscaria” və “Amanita gemmata” kimi güclü zəhərli növlər yer alır. Bununla yanaşı, bu cinsə aid ən qiymətli yeməli növlərdən biri olan “Sezar amanitası (Amanita caesarea)” da geniş tanınır.
Mütəxəssislər əhalinin son illər göbələk yığımına marağının artdığını nəzərə alaraq vətəndaşlara yalnız yaxşı tanıdıqları növləri toplamağı tövsiyə edirlər. Bildirilir ki, göbələklər tez xarab olduğu üçün toplandıqdan sonra qısa müddətdə istifadə edilməlidir.
Bundan əlavə, avtomobil yollarının yaxınlığında bitən göbələklərin qida məqsədilə toplanması məsləhət görülmür. Səbəb kimi göbələklərin ətraf mühitdəki ağır metalları və nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli maddələri özündə toplamaq qabiliyyətinə malik olması göstərilir. Bu isə insan sağlamlığı üçün risk yarada bilər. (Azərtac)

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:05