DİM rəhbəri: Magistraturada boş qalan yerlər yenidən müsabiqəyə çıxarılacaq
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, boş qalan yerlərin olması müsabiqədə iştirak edən namizədlərin azlığı ilə deyil, onların seçim xüsusiyyətləri ilə bağlıdır. Belə ki, təxminən 1800 nəfər müsabiqədə iştirak etsə də, seçdikləri proqramlarda rəqabətin yüksək olması səbəbindən qəbul ola bilməyib. Eyni zamanda, bəzi proqramlar üzrə ayrılmış yerlər tam dolduğu halda, digər proqramlarda müraciət edənlərin sayı az olduğundan boş yerlər qalıb.
DİM sədri qeyd edib ki, sosial şəbəkələrdə səsləndirilən fikirlərin əksinə olaraq, humanitar istiqamətlər üzrə ciddi problem yaşanmayıb. Həmin sahələr üzrə ayrılmış yerlər demək olar ki, tam dolub və kifayət qədər namizəd qəbul olunub.
“Birinci yerləşdirmədə qəbul ola bilməyən namizədlərin ikinci mərhələdə uğur qazanmaq imkanları kifayət qədər yüksəkdir. Bunun üçün onlar mövcud vəziyyəti nəzərə alaraq ixtisas seçimini düzgün aparmalıdırlar”, – deyə Məleykə Abbaszadə vurğulayıb. O, həmçinin qəbul olunan şəxslərə müraciət edərək vaxtında qeydiyyatdan keçmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, qeydiyyatdan keçməyən şəxslərin yerləri yenidən vakant hesab ediləcək və növbəti mərhələdə müsabiqəyə çıxarılacaq. (Azərtac)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:22



























