mobil versiya

15 avqustda nə baş verəcək?






Sabahdan “28 May”–“Nizami” arasında metro hərəkəti təxminən 1 il müddətinə dayandırılır.

Niyə?
Uzun illərdir həllini gözləyən problem – Qırmızı və Yaşıl xətlərin “28 May”da kəsişməsi və bunun metronun çevik fəaliyyətinə yaratdığı maneə aradan qaldırılır. “Nizami”–“Cəfər Cabbarlı” arasında yeni tunellər tikiləcək, xətlər ayrılacaq. Nəticədə qatarların hərəkətini daha çevik təşkil etmək, intervalları azaltmaq və metronun imkanlarını artırmaq mümkün olacaq.

Bu mürəkkəb və riskli işin nəhayət həyata keçirilməsi müsbət addımdır. Metropoliten rəhbərliyinin uzun illər təxirə salınmış layihəni üzərinə götürməsi təqdir edilməlidir.

Amma yerin altında görülən iş yerin üstündə ciddi problemlər yaradacağı da öncədən bəllidir.

On minlərlə sərnişin mənzil başına çatmaq üçün nəqliyyatını dəyişərək yerüstü nəqliyyata yönələcək. Avtobusların, dayanacaqların, küçələrin və piyada səkilərinin bu əlavə yükü necə qarşılayacağı ciddi sualdır. 
Sərnişinlərin nəqliyyatı dəyişdirilməsi də ona  əlavə xərc və vaxt itkisi yaradacaq.

Hökumət nə deyir?
Bir müddət əvvəl Prezident Administrasiyası, RİNN, AYNA və Metropoliten rəhbərliyinin iştirakı ilə keçirilən ictimai dinləmədə hiss olunurdu ki, hökumət də qarşıdakı çətinliklərin fərqindədir. Problemlərin minimuma endirilməsi üçün görüləcək tədbirlər barədə məlumat verildi.

Hələlik əsas həll şəhərin müxtəlif nöqtələrindən 6 ekspress avtobus marşrutunun açılması, əlavə avtobusların ayrılması və onların daha çevik hərəkəti üçün tədbirlərin görülməsidir.

Amma suallar qalır.
Ekspress marşrutlar, küçələr, dayanacaqlar və piyada infrastrukturu bu sərnişin yükünü götürə biləcəkmi? Marşrutunu dəyişməyə məcbur olan insanların əlavə xərclərini kim qarşılayacaq?

Müşahidələrim onu deməyə əsas verir ki, yerin altında baş verəcəklərlə bağlı simulyasiyalar kifayət qədər aparılıb. Yerin üstündə baş verəcəklərin – sərnişin axınının, tıxacların və nəqliyyatın yüklənməsinin simulyasiyası barədə isə yetərli məlumat təqdim edilməyib.

Digər mühüm məsələ xərclərdir. 
Dövlətin həyata keçirdiyi zəruri layihəyə görə yüz minlərlə sərnişinin, xüsusilə tələbələrin gündəlik nəqliyyat xərci artacaq. Tələbənin aylıq nəqliyyat xərcinin iki dəfəyədək artması ailə büdcəsi üçün əlavə yükdür.

Düşünürəm ki, bu yükün heç olmasa bir hissəsinin kompensasiya edilməsi doğru olardı. 
Yaxud tikinti müddətində metro və avtobus üçün vahid bilet, pulsuz və ya güzəştli transfer tətbiq edilə bilər. Sərnişin özündən asılı olmayan məcburi keçidə görə ikinci dəfə tam ödəniş etməməlidir.

Əsas sınaq isə 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq. Tədris başlayanda sərnişin sayı ciddi artacaq. Buna görə iş və dərs qrafiklərində mümkün çeviklik və gecikmələrlə bağlı yanaşmalar indidən müəyyənləşdirilməlidir.

Metronun çevikliyinin artırılması, uzun illərin probleminin həllinə başlanılması, ictimai dinləmənin keçirilməsi və ekspress marşrutların təşkili təqdirəlayiqdir.

Amma zəruri dövlət layihəsinin yaratdığı əlavə maliyyə və vaxt yükünün tamamilə vətəndaşın, xüsusilə tələbələrin üzərinə qoyulması doğru olmazdı.

P.S. AYNA-nın elan etdiyi 14 milyonluq tender, elə müşahidələrim də onu deməyə əsas verir ki istəsələr kompensasiya üçün pul tapa bilərlər. Bu qurumun aylıq gəlirləri yetərincədir. 
Nəqliyyat sektoruna nəzarət də RİNN-nin sadəcə bir göstərişi bəs edir.

Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

Reportyor.az




.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:22