mobil versiya

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi, təhlükəsizlik arxitekturasının əsasını təşkil edir




Naxçıvan Muxtar Respublikanın (MR) Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşməsi, Ermənistan və İranla həmsərhəd olması onun milli təhlükəsizlik məsələlərini daim dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız sosial-iqtisadi inkişaf məsələlərinin müzakirəsi deyil, həm də muxtar respublikanın müdafiə qabiliyyətinin, enerji təhlükəsizliyinin və strateji mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Naxçıvanın təhlükəsizliyini hər zaman xüsusi diqqətdə saxlayıb.
“Bu siyasətin mühüm mərhələlərindən biri 2023-cü ilin sentyabrın 25-də Prezident İlham Əliyevin Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. İki dövlət başçısının görüşü və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının Naxçıvan müstəvisində də möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-İstehsalat hərbi kompleksinin açılışında iştirak etdilər.
Kompleks müxtəlif növ tankların, zirehli döyüş maşınlarının, artilleriya sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, rabitə və digər hərbi avadanlıqların təmiri və modernləşdirilməsi imkanlarına malikdir. Kompleksdə 300-dən çox avadanlığın quraşdırılması və müxtəlif təmir müəssisələrinin yaradılması Naxçıvanın hərbi-logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Naxçıvan görüşü Azərbaycan ilə Türkiyənin yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həmçinin Naxçıvanın regional təhlükəsizlik sistemindəki mövqeyinin gücləndirilməsi xarakteri daşıyırdı. Bu siyasətin davamı kimi Prezidentin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirakı da mühüm siyasi mesaj xarakteri daşıyır ki, bu da Ali Baş Komandanın Naxçıvanın təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətdir”, - deyə Zaur İbrahimov qeyd edib.

İctimai Birliyin sədrinin sözlərinə görə, Naxçıvanın təhlükəsizliyi yalnız hərbi aspekt ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi də muxtar respublikanın strateji dayanıqlığının mühüm komponentidir: “Türkiyə Prezidenti ilə Naxçıvan görüşü zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması da təsadüfi deyildi. Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edilməlidir. Burada mühüm məqam ondan ibarətdir ki, müasir təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə ölçülmür. Enerji, nəqliyyat, rabitə və logistika sistemlərinin davamlı fəaliyyəti də milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan İlham Əliyevin avqustun 11-də səfəri zamanı Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması da qeyri-hərbi təhlükəsizlik komponentlərinin paralel şəkildə inkişaf etdirilməsini göstərir. Muxtar respublikanın sosial iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə 258 milyon manat vəsait ayırması onu deməyə əsas verir ki, Prezident naxçıvanın təhlükəsizliyinin təmin edilməsini dövlətin prioritet siyasi xətt hesab edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsində həm praktiki, həm strateji, həm də siyasi-psixoloji rol oynayır. Naxçıvanın müdafiə imkanlarının artırılması ilə yanaşı, enerji və logistika dayanıqlığının gücləndirilməsi, muxtar respublikanın təhlükəsizlik arxitekturasının əsas dayaqlarını təşkil edir". (Azərtac).


Reportyor.az 





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:47