mobil versiya

Səfirlik Bakıda İndoneziyanın Müstəqilliyinin 81-ci ildönümünü qeyd edib: birlik və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi mesajı








İndoneziya Respublikasının Bakıdakı Səfirliyi (KBRI Baku) İndoneziya Respublikasının Müstəqilliyinin 81-ci ildönümü münasibətilə bir sıra tədbirlər təşkil edib.

“Suveren, Ədalətli və Rifah İçində İndoneziya” şüarı ilə keçirilən tədbirlər İndoneziya icması arasında həmrəyliyin möhkəmləndirilməsinə, eləcə də Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edib.


Tədbirlərin əsas hissəsi 17 avqust tarixində Səfirliyin ərazisində keçirilən İndoneziyanın Dövlət Bayrağının qaldırılması mərasimi olub. İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi mərasimə sədrlik edib. Azərbaycanda təhsil alan indoneziyalı tələbələr isə bayraq qaldırma qrupunun tərkibində iştirak ediblər.


Təntənəli mərasim bir dəqiqəlik sükutla başlayıb. Daha sonra İndoneziyanın Müstəqillik Bəyannaməsi, Pancasila və 1945-ci il Konstitusiyasının Preambulası oxunub. Mərasim birgə dua ilə davam edib və minnətdarlıq rəmzi olaraq Müstəqillik Günü tortunun kəsilməsi ilə başa çatıb.Tədbirdə İndoneziya diasporunun nümayəndələri, İndoneziyalı peşəkarlar və tələbələr, həmçinin yerli tərəfdaşlar və “İndoneziyanın dostları” iştirak ediblər.


Bayraq qaldırma mərasimindən əvvəl, Səfirlik 15 avqust 2026-cı il tarixində (şənbə) İndoneziyanın Müstəqillik Gününə həsr olunmuş müxtəlif ənənəvi oyunlar da təşkil edib. Böyüklər və uşaqlar üçün açıq olan bu yarışmalar İndoneziyanın Müstəqillik Günü ənənələrinin qorunub saxlanılması və xaricdə yaşayan indoneziyalılar arasında dostluq və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyıb. Yarışların qalibləri bayraq qaldırma mərasimindən sonra elan edilərək mükafatlandırılıblar.

Tədbirlər silsiləsi ənənəvi İndoneziya mətbəxinin nümunələrinin yer aldığı səmimi qəbul mərasimi ilə yekunlaşıb. Qonaqlara “nasi tumpenq”, qızardılmış balıq, “bakso”, “karedok”, qızardılmış toyuq və digər ənənəvi İndoneziya təamları təqdim edilib.


İndoneziya Respublikasının Müstəqilliyinin 81-ci ildönümü münasibətilə keçirilən tədbirlər vasitəsilə Səfirlik milli birliyin və həmrəyliyin qorunmasına, həmçinin İndoneziya diasporunun İndoneziyanın tərəqqisinə, suverenliyinə və rifahına beynəlxalq arenada fəal töhfə verməsini təşviq etməyə sadiqliyini bir daha vurğulayıb.


Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:34