Çin şirkəti Alibaba Cloud Pəncabın İT sektoru ilə maraqlanır

Çin şirkəti Alibaba Cloud Pəncabın İT sektoru ilə maraqlanır.
Pəncabın Baş naziri Məryəm Nəvaz Çinə səfəri zamanı aparıcı Çin texnologiya şirkəti Alibaba Cloud-un yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirib və onlar Pəncabın İT sektoruna böyük maraq göstəriblər.
Pakistan mediasına görə, Alibaba Cloud rəsmiləri Pəncabın süni intellekt əsaslı idarəetmə təşəbbüslərini yüksək qiymətləndiriblər.
Görüşdə kənd təsərrüfatı, səhiyyə, sosial-iqtisadi proqramlar və iqlim proqnozlaşdırmasında süni intellektin (Sİ) istifadəsi müzakirə olunub, eyni zamanda dövlət xidmətlərində Sİ-nin istifadəsi üçün strateji tərəfdaşlıq qurulması ehtimalı da nəzərdən keçirilib.
Xanım Nəvaz bildirib ki, Pəncabın idarəetmə sistemi süni intellektlə inteqrasiya olunur: “Biz süni intellekt və digər texnologiyalardan sabah yox, bu gün istifadə etmək siyasətini həyata keçiririk”.
Baş nazir Pəncabın dünyanın ən böyük dövlət sektoru xərçəng xəstəxanasını tikdiyini bildirib.
O bildirib ki, Pəncab süni intellekt siyasəti quran ilk əyalət olub. “Dövlət məktəblərində uşaqlara süni intellektin öyrədilməsi ideyası Pekində şagirdləri gördükdən sonra ortaya çıxdı”, - deyə o bildirib və əlavə edib ki, Pəncab Çinin süni intellekt və digər İT texnologiyaları sahəsindəki əməkdaşlığını alqışlayacaq.
Alibaba Cloud şirkətinin baş vitse-prezidenti Li Ciapinq baş nazirə şirkətin fəaliyyəti barədə məlumat verib. Görüşdə xaricdəki pakistanlılar üçün kiçik və orta müəssisələrlə bağlı məsələlər də müzakirə olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:19


























