mobil versiya

Naxçıvanda Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək






Naxçıvan şəhərində görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcək.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə noyabrın 13-14-də keçiriləcək konfrans “İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi UNESCO-nun 2026-cı il üzrə yubileylər proqramına daxil edilib. Bununla yanaşı, yubileyin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti müvafiq Sərəncam imzalayıb.
Beynəlxalq elmi konfrans çərçivəsində Əcəmi Naxçıvani irsi və Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma mədəniyyəti, Orta əsr Azərbaycan memarlığı və urbanistik ənənələr, Naxçıvanın tarixi-memarlıq abidələri, Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin memarlıq xüsusiyyətləri, Atabəylər dövründə şəhərsalma və mədəni mühit kimi mövzular müzakirə olunacaq. Həmçinin memarlıq ornamentləri, kitabələr və epiqrafik mənbələr, mədəni irsin qorunması, bərpası və rəqəmsallaşdırılması, orta əsr memarlığı və arxeologiya, Azərbaycan memarlığının Şərq və dünya memarlığı kontekstində yeri, İpək Yolu şəhərlərində memarlıq əlaqələri və mədəni mübadilə, eləcə də mədəni turizm və tarixi irsin beynəlxalq tanıdılması məsələlərinə dair elmi məruzələr dinləniləcək.
Konfransın tarix, memarlıq, şəhərsalma, sənətşünaslıq, mədəni irs, turizm, arxeologiya, regionşünaslıq və digər əlaqəli sahələr üzrə fəaliyyət göstərən alim və tədqiqatçıları, ali təhsil müəssisələrinin professor-müəllim heyətini, doktorantları, magistrantları və mütəxəssisləri bir araya gətirməsi nəzərdə tutulur.
Beynəlxalq elmi konfransın əsas məqsədlərindən biri Əcəmi Naxçıvaninin zəngin irsinin elmi baxımdan araşdırılması, Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixindəki yerinin öyrənilməsi, İpək Yolu boyunca formalaşmış şəhərsalma və memarlıq ənənələrinin tədqiqi, eləcə də bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfransa təqdim olunan elmi məruzələr Elmi Komitə tərəfindən anonim ekspertiza əsasında qiymətləndiriləcək.
Alim və tədqiqatçılar beynəlxalq elmi konfransda iştirak etməyə, elmi nəticələrini təqdim etməyə və yeni elmi əməkdaşlıqların formalaşdırılmasına töhfə verməyə dəvət olunurlar.
Konfransla bağlı ətraflı məlumat konfrans.ndu.edu.az internet səhifəsində yerləşdirilib.(Azərtac)

Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:09