mobil versiya

Pakistanlı ekspert: Azərbaycan Avrasiyanın yeni bağlantı xəritəsinin mərkəzinə çevrilr




Hazırda Avrasiyanın coğrafiyası dəyişir. Etibarlı nəqliyyat dəhlizləri, enerji bağlantıları, ticarətin asanlaşdırılması, investisiya platformaları və siyasi dialoq imkanları yaradan ölkələrin strateji əhəmiyyəti artır.

Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, müasir infrastrukturu, enerji resursları və Mərkəzi Asiya istiqamətində fəallaşan diplomatiyası bu transformasiyadan faydalanmaq üçün əlverişli şərait yaradır. Artan siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq göstərir ki, Bakı Mərkəzi Asiyanı ayrı-ayrı ikitərəfli münasibətlər toplusu kimi deyil, daha geniş Avrasiya strateji məkanının tərkib hissəsi kimi nəzərdən keçirir.
Bu fikirləri Dayanıqlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsünün (BRISD) sədri, pakistanlı ekspert Qaiser Navab deyib.
Qaiser Navab hesab edir ki, Avrasiyanın gələcək bağlantılarını yalnız Şərq–Qərb xətti üzrə nəzərdən keçirmək düzgün olmaz. Şimal–Cənub, eləcə də Mərkəzi Asiya–Cənubi Asiya istiqamətləri getdikcə daha böyük əhəmiyyət qazanır. Pakistan Mərkəzi Asiya ilə iqtisadi və strateji əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkənin coğrafi mövqeyi Mərkəzi Asiya dövlətlərinə Ərəbistan dənizinə və bununla mühüm dəniz ticarət marşrutlarına və dünya bazarlarına çıxış imkanı yaradır. Bu vəziyyət Azərbaycan üçün yeni imkanlar açır. Azərbaycan Xəzər, Cənubi Qafqaz və Türkiyə-Avropa nəqliyyat şəbəkələrinə çıxış imkanlarına, Pakistan isə Cənubi Asiya və Ərəbistan dənizinə çıxışa malikdir. Mərkəzi Asiya dövlətləri isə coğrafi baxımdan bu müxtəlif məkanların arasında yerləşir. Bu, Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə–Avropa və Mərkəzi Asiya–Cənubi Asiya istiqamətlərini birləşdirən daha geniş bağlantı sisteminin formalaşmasına imkan yaradır.
Qaiser Navab Azərbaycan–Pakistan münasibətlərinin bu geniş geoiqtisadi mənzərə çərçivəsində daha dərindən nəzərdən keçirilməsinin vacib olduğunu bildirib. “İki ölkə arasında münasibətlərin güclü siyasi təməli mövcuddur, lakin iqtisadi və bağlantı potensialından daha geniş istifadə etmək mümkündür. İnvestisiya, logistika, turizm, enerji, kənd təsərrüfatı, texnologiya, təhsil və insan kapitalının inkişafı kimi sahələrdə böyük imkanlar mövcuddur. Əsas məsələ bu istiqamətləri ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid iqtisadi sistem kimi inkişaf etdirməkdir”, – deyə ekspert vurğulayıb.
Ekspert Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının da bu prosesə mühüm əlavə ölçü gətirdiyini bildirib. ŞƏT nəqliyyat bağlantıları, ticarətin asanlaşdırılması, enerji təhlükəsizliyi, rəqəmsallaşma, regional sabitlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edildiyi geniş Avrasiya platformasıdır. Təşkilatın Çin, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya dövlətləri kimi mühüm ölkələri birləşdirməsi Azərbaycanın daha geniş coğrafiya və bazarlarla əlaqələrini inkişaf etdirməsi üçün əlavə imkanlar yaradır.
“Azərbaycanın əsas strateji üstünlüyü yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Coğrafiya imkan yaradır, lakin həmin imkanın təsir və dayanıqlı inkişafa çevrilməsini infrastruktur, diplomatiya, siyasi sabitlik, institusional imkanlar və düzgün iqtisadi strategiya müəyyənləşdirir”, - deyə Qaiser Navab vurğulayıb. (Azərtac)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:08