Süni intellektlə yaradılmış "Qərbə Səyahətin Davamı" serialı Çində böyük uğur qazanıb

Çinin ilk uzunmetrajlı süni intellekt (Sİ) serialı olan "Qərbə Səyahətin Davamı" beş epizodu ərzində təxminən 300 milyon baxış sayı toplayıb.
"Sina"nın məlumatına görə, avqustun 31-də "Mango TV"də yayımlanmağa başlayan serial 280 milyon baxışa çatıb.
Serial istehsal və yayım prosesi paralel aparılmaqla — epizodlar hazır olduqca nümayiş etdirilməklə — yayımlanır və artıq beşinci epizoda çatıb.
Birinci epizod pulsuz izlənilə bilər, digər epizodlar isə yalnız platformaya ödəniş etmiş istifadəçilər üçün əlçatandır.
280 milyonluq göstərici yalnız onlayn platformalardakı baxışları əhatə edir.
"Qərbə Səyahətin Davamı" həmçinin "Hunan TV"də "praym-taym" (ən çox izlənilən vaxt) zamanı yayımlanıb və eyni vaxt aralığında efirə gedən regional proqramlar arasında ən yüksək reytinqə sahib olub.
Çinin kino media platforması "Mtime" serialı yay mövsümünün sensasiyası kimi qiymətləndirib; növbəti epizodların qış tətili dövründə yayımlanması planlaşdırılır.
Bu uğur istehsalçı şirkətlərin səhm qiymətlərində kəskin artıma səbəb olub.
"QQ"yə açıqlama verən rejissor Li Donkun bildirib ki, serialın ümumi istehsal büdcəsi təxminən 4 milyon ABŞ dolları təşkil edir; bu isə digər mifoloji filmlərin büdcəsinin yalnız onda bir hissəsidir.
Serialın hər biri 40 dəqiqəlik olmaqla 30 epizoddan ibarət olması planlaşdırılır.

İstehsal və yayımın eyni vaxtda aparılması yaradıcı heyətə tamaşaçı reaksiyalarına uyğun olaraq məzmun və personajlarda dəyişikliklər etməyə imkan verir.
Linin sözlərinə görə, adi halda üç dəqiqəlik döyüş səhnəsi təxminən 746 min dollar büdcə tələb edərdi, lakin süni intellektin tətbiqi sayəsində bu xərc 3700 dollara endirilib.
O qeyd edib ki, çəkiliş heyəti təxminən 100 nəfərdən ibarətdir (30 nəfər dekorasiya və bədii tərtibatla, 50 nəfər isə video istehsalı üçün generativ süni intellektlə məşğul olur), halbuki ənənəvi üsullarla istehsal üçün 2000 nəfər tələb olunardı.
O, proqnozlaşdırır ki, növbəti üç il ərzində məzmunun 99%-də AIGC (süni intellektlə yaradılan məzmun) texnologiyasından istifadə olunacaq.
Onun sözlərinə görə, aktyorlar tamamilə "yoxa çıxmayacaq", lakin teatr oyunçuluğunda olduğu kimi, canlı aktyorların iştirakı ilə çəkilən videolar daha az populyar estetik seçimə çevrilə bilər. "Ənənəvi kino və televiziya sənayesi həddindən artıq bahalı hala gəlib və bu da dəyişikliyi qaçılmaz edir. Bir çox video platforması xərcləri qarşılaya bilmədikləri üçün məzmun istehsal etmək və ya satın almaq imkanına malik deyil; AIGC (Süni intellekt tərəfindən yaradılan məzmun) isə əlverişli bir həll yolu təklif edir."
"'Qərbə səyahət'in davamı" (Sequel to Journey to the West) əsəri, müəllifi hələ də müəyyən edilməmiş, Min sülaləsinin sonu və Tsin sülaləsinin əvvəli dövrlərinə aid bir romana əsaslanır.
Bu əsər, rahib Tan Sanzanın Hindistandan müqəddəs Buddist yazılarını gətirmək üçün qərbə səyahətini təsvir edən mifoloji "Qərbə səyahət" romanının davamı olan üç məşhur kitabdan biridir.
Onu üç güclü şagirdi müşayiət edir: Sun Ukun (Meymun Kralı), Çju Batsze (Donuz) və Şa Utszin (Sandi); onlar mənəvi aydınlanma və günahlarının bağışlanması müqabilində rahibi qorumaq vəzifəsini yerinə yetirirlər.
Davam əsərinin süjeti Sun Ukunun ilahiləşdirilməsindən 1000 il sonra, Çiçək və Meyvə Dağındakı 10 ağsaqqalın daşa çevrilməsi ilə başlayır.
49 gün davam edən qəribə hadisələrdən sonra, ölümsüz dağın zirvəsindən qəfildən Sun Syaoşen adlı daş meymun peyda olur.
Üsyanları yatıraraq adını tanıdan Sun Syaoşenin şöhrəti üç aləmə — Səma Aləminə, İnsan Aləminə və Cinlər Aləminə yayılır.
Bayram ziyafəti zamanı Sun Syaoşen təsadüfən 10 ağsaqqalın müəmmalı şəkildə yoxa çıxmasını araşdırmaqla bağlı bir missiyaya cəlb olunur.
CICC-nin (Çin Beynəlxalq Kapital Korporasiyası) qiymətləndirməsinə görə, uzunmüddətli perspektivdə süni intellekt investisiyaların gəlirliliyini artıracaq.
Digər tərəfdən, aktyorlar və səhnəarxası heyət üzvləri süni intellekt dövründə işlərini itirməkdən narahatdırlar.
Son tədbirlərdə bir çoxları işsizliklə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətiriblər.
"iNews Week"in məlumatına görə, 2026-cı ilin birinci rübündə Çinin ən böyük kino studiyası olan "Hengdian World Studios"da istehsalına başlanılan qısametrajlı serialların (və ya qısa dramların) sayı ötən ilin eyni dövrü ilə müqayisədə 75% azalıb.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:49


























