Paramount-un razılaşması və onun kino sənayesinə təsiri

"Paramount Studios" ABŞ-ın 12 ştatı tərəfindən qaldırılan inhisar əleyhinə məhkəmə iddiasını həll etməyə razılaşıb.
Bu addım şirkətin kino sənayesini yenidən formalaşdıracaq 81 milyard dollarlıq "Warner Bros. Discovery"ni satın almaq planı qarşısındakı son böyük maneəni aradan qaldırdı.
Hələ hakimin təsdiqini tələb edən bu razılaşma çərçivəsində "Paramount" bir sıra şərtləri, o cümlədən beşillik film istehsalı planını və ABŞ daxilində film istehsalına 1,5 milyard dollar sərmayə qoyulmasını qəbul etdi.
Ştatların baş prokurorları bildirdilər ki, razılaşma yerli film istehsalına investisiyanı təmin edir və işçilərin hüquqlarını qoruyur.
Lakin analitiklər hesab edirlər ki, buna baxmayaraq, sövdələşmə sektorda rəqabətin azalmasına və istehlakçılar üçün qiymətlərin artmasına səbəb ola bilər.
"Forrester"in tədqiqat direktoru Mayk Prulks (Mike Proulx) qeyd edib ki, istehlakçılar məsələyə əsasən qiymət baxımından yanaşırlar və onların əsas narahatlığı qiymətlərin artması ehtimalıdır.
O əlavə edib ki, istehlakçılar kinoteatrlarda nümayiş olunacaq filmlərin sayına və ya sənaye ilə bağlı digər məsələlərə daha az əhəmiyyət verir, daha çox sövdələşmənin onların cibinə necə təsir edəcəyinə diqqət yetirirlər.
Aşağıda "Paramount"un razılaşma çərçivəsində qəbul etdiyi əsas şərtlər verilmişdir:
1. "Paramount" yerli və müstəqil filmlərə sərmayə qoyacaq.
2. "Paramount" bəyan edib ki, 2025-ci ildə ABŞ daxilində çəkilişlərə xərclədiyi vəsaitə əlavə olaraq, beş il ərzində illik 300 milyon dollar olmaqla, ümumilikdə 1,5 milyard dollar xərcləyəcək.
Ştatların baş prokurorlarının məlumatına görə, hazırda "Paramount"un istehsalatının yalnız təxminən 5 faizi ABŞ daxilində həyata keçirilir.
Şirkət həmçinin müstəqil filmlərin əldə edilməsi üçün beş il ərzində 25 milyon dollarlıq fond yaradacağını açıqlayıb.
Beşillik film istehsalı planı
Şirkət ilk iki il ərzində ildə 30, sonrakı üç il ərzində isə ildə 32 film istehsal etməyə razılaşıb.
O, həmçinin hər il azı dörd müstəqil filmi nümayiş etdirməyi öhdəsinə götürüb.
Bu plan "Paramount"un sədri və baş icraçı direktoru Devid Ellisonun (David Ellison) daha əvvəl elan etdiyi, birləşmiş şirkətin istehsal etdiyi filmlərin sayını ildə 30-dan çoxuna çatdırmaq niyyəti ilə üst-üstə düşür.
Lakin razılaşmaya şərtlərə əməl edilmədiyi təqdirdə tətbiq olunacaq cərimələr də daxildir. Əgər Paramount tələb olunan sayda film istehsal edə bilməsə, o, Miramax Studios-u satmaqla yanaşı, həm də həmkarlar ittifaqları ilə əlaqəli səhiyyə və təqaüd fondlarına 30 milyon dollar ödəmək məcburiyyətində qalacaq.
İşdən çıxarılan əməkdaşlara dəstək fondu
Paramount daha əvvəl bildirmişdi ki, sövdələşmə başa çatdıqdan sonra hər iki şirkətin fəaliyyətindəki təkrarlanan sahələrdə ixtisarlar aparmaqla təxminən 6 milyard dollar qənaət etməyin yollarını axtaracaq.
Razılaşmaya əsasən, şirkət işçi qüvvəsinə dəstək məqsədilə 47,5 milyon dollarlıq fond yaradacaq; bu fond işini itirən əməkdaşların təlimi və karyera inkişafı üçün nəzərdə tutulub.
Şirkət həmçinin mövcud kollektiv əmək müqavilələrinə riayət etməyə və həmkarlar ittifaqları ilə vicdanlı şəkildə danışıqlar aparmağa razılaşıb.
Kabel kanalları ilə bağlı ayrıca danışıqlar
Razılaşmaya görə, Paramount kabel televiziyası kanallarını satmaq məcburiyyətində qalmayacaq.
Bununla belə, şirkət beş il müddətində həm Paramount, həm də Warner Bros.-a məxsus əsas kanallarla bağlı ayrıca danışıqlar aparmalı olacaq.
Tələblərə əməl edilmədiyi təqdirdə, şirkət razılaşmanın şərtlərinə uyğun olaraq bəzi kanalları satmaq məcburiyyətində qala bilər.
Razılaşma həmçinin Warner-ə məxsus CNN və Paramount-a məxsus CBS-in redaksiya müstəqilliyini qorumasını təmin etmək üçün müstəqil şuranın yaradılmasını nəzərdə tutur.
Bu razılaşma 81 milyard dollarlıq satın alma sövdələşməsinin tamamlanması istiqamətində mühüm addım olsa da, rəqabətin azalması və ya istehlakçılar üçün qiymətlərin artması ehtimalı ilə bağlı narahatlıqları aradan qaldırmır.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:06


























