Araşdırma: İş sabitliyi beynin qocalmasını ləngidə bilər

Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma müəyyən edib ki, orta yaş dövründə məşğulluğun sabit olması, yaş artdıqca yaddaşın və digər koqnitiv funksiyaların daha yaxşı qorunub saxlanılması ilə əlaqəlidir.
"Alzheimer’s & Dementia" jurnalına əsasən, tədqiqatçılar bu nəticəyə 16 il ərzində 2400-dən çox amerikalıdan toplanmış məlumatları təhlil etdikdən sonra gəliblər.
Tədqiqatçılar iştirakçıların əmək fəaliyyəti tarixçəsini təhlil edib və onların koqnitiv funksiyalarını qiymətləndiriblər.
Məlum olub ki, iş həyatında qeyri-sabitlik yaşayan kişilər koqnitiv testlərdə daha aşağı nəticələr göstəriblər; onlarda gözlənilən səviyyələrlə müqayisədə təxminən yeddi il daha çox beyin qocalması əlamətləri müşahidə olunub.
Qadınlar arasında isə erkən təqaüdə çıxan və ya uzun müddət işsiz qalanlarda yaddaş və planlaşdırma, həmçinin qərarvermə ilə əlaqəli olan icraedici funksiya testlərinin nəticələri daha aşağı olub. Tədqiqatçılar hesab edirlər ki, bu amillər beyin qocalmasının təxminən altı il sürətlənməsi ilə əlaqəlidir.
Müşahidə dövrünün sonunda qadınların təxminən 30%-də və kişilərin 31%-də yüngül koqnitiv pozuntu və ya demensiya əlamətləri qeydə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, koqnitiv sağlamlığın qorunmasında mühüm amil iş təhlükəsizliyi hissi deyil, məhz məşğulluğun davamlılığı ola bilər.
Onların fikrincə, orta yaş dövründə müntəzəm işləmək zehni fəallığın qorunmasına kömək edə və nəticədə yaşla bağlı koqnitiv geriləmənin daha yavaş baş verməsi ilə əlaqəli ola bilər.
Alimlər vurğulayıblar ki, bu tədqiqat yalnız əlaqəni nümayiş etdirir, lakin məşğulluğun beyin sağlamlığına birbaşa təsir etdiyini sübut etmir. İş tarixçəsi və həyat tərzi ilə bağlı digər amillər də koqnitiv sağlamlığa təsir göstərə bilər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:13


























