Fransada tur şirkəti tərəfindən 70 turist başlı-başına buraxılıb

Fransaya istirahət turuna çıxan 70-dən çox turist bildirib ki, səfər gözlənilmədən vaxtından əvvəl başa çatdıqdan sonra tur şirkəti onları başlı-başına buraxıb və nəticədə onlar uçuş və yaşayış məsələlərini özləri həll etmək məcburiyyətində qalıblar.
Britaniyanın "The Independent" qəzetinin məlumatına görə, səyahətçilər iyul ayında Merilend ştatında yerləşən və Kendra və Kelvin Braun cütlüyünə məxsus "Younique Ventures" şirkətinin təşkil etdiyi "Goddess Refresh Experience" adlı turda iştirak ediblər.
Sentyabrın sonlarında bir neçə iştirakçı şirkətdən şikayət edərək bildirib ki, səfər gözlənilmədən dayandırılıb və onlar ABŞ-a qayıtmaq və ya Fransada səyahəti özbaşına davam etdirmək seçimi ilə üz-üzə qalıblar.
"Wusa9" xəbər saytının məlumatına görə, Kendra Braun qrupa bildirib ki, uçuşla bağlı yaranan problem planlaşdırılan marşrut üzrə səfərin davam etdirilməsini qeyri-mümkün edib.
İştirakçılardan biri olan Dell Siburi qalan tədbir və xidmətlərin ləğv edildiyini öyrənən səyahətçilərin düşdüyü vəziyyəti xaos kimi təsvir edib.
Son dörd gün üçün nəzərdə tutulan yaşayış və tədbirlər artıq mümkün olmadığından, turistlər alternativ həll yolları tapmaq üçün öz vəsaitlərindən istifadə etməli olduqlarını bildiriblər.
Onlardan bəziləri ABŞ-a qayıtmaq üçün bilet alıb, digərləri isə Fransada qalaraq geri dönüş səfərlərini özləri təşkil ediblər.
Səyahətçilər bildiriblər ki, şirkət proqramın ləğv edilmiş hissəsinin dəyərini geri qaytarmağı və ağlabatan əlavə xərcləri 60 gün ərzində ödəməyi vəd edib. Lakin "Somd Daily News"un məlumatına görə, bir çox iştirakçı sentyabrın 30-dək vəsaiti hələ də almadıqlarını bildirib.
"Younique Ventures" Facebook səhifəsində açıqlama verərək bildirib ki, aviaşirkət son anda təyyarənin növünü dəyişib və nəticədə bütün qrup üçün kifayət qədər yer qalmayıb. Şirkət səyahətçiləri bölüb bəzilərini geridə qoymaq əvəzinə, qrup proqramını vaxtından əvvəl dayandırmaq qərarına gəlib və bu qərarın iştirakçılarda məyusluq yaratdığını etiraf edib.
Şirkət ödənişlərin geri qaytarılmasındakı gecikmələri çoxsaylı müştərinin banklarına müraciət edərək ödənişləri ləğv etdirməsi (chargeback) ilə əlaqələndirib; şirkətin fikrincə, bu hal onun nağd pul dövriyyəsinə mənfi təsir göstərib və 60 günlük müddətə əməl etməyə mane olub.
Şirkət oktyabrın 2-də vəziyyətlə bağlı yenilənmiş məlumat verməyi gözlədiyini bildirib.
Bu insident şirkətin Avstraliya və Ficiyə nəzərdə tutulan digər bir turu təxirə saldığı bir vaxtda baş verib. Bir səyahətçi, səfər üçün təxminən 30 000 ABŞ dolları ödəməsinə baxmayaraq, uçuş və ya otel təsdiqi almadığını bildirərək dələduzluqla bağlı polisə şikayət edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:43


























