Xəstə toplumun xəstə "həkimləri"...
Bu günlər ərzində baş verənləri izlədikcə dəhşətə qapılırdım. Söyən, "qatili" və qurbanı eyni anda dəstəkləyən, baş verənləri bildiyi, tam vaqif olduğu halda mənafeyi üçün haqsızın yanında dayanan, inboksda mənə göz yaşı töküb fb-da qarşı tərəfi dəstəkləyən, mənim məlum partiyanın keçirdiyi mitinqlərdə çıxışımı mənim riyakarlığım kimi mənə sırıyan, deyilənlərin doğruluğunu bildiyi halda, "bəlkə hakimiyyət dəyişdi, mənə də pay düşdü" prinsipsizliyi ilə hərəkət edən, üz gizlədən, bu hadisəni fürsət bilib guya məni dəstəkləyən, AXCP-yə olan nifrətini 18 yaşlı gəncin üzərində reallaşdırmaq istəyənlər və ən nəhayət də fürsətcil bir hakimiyyət, hətta qabağına çay qoyduğum insanların məni məsxərəyə qoyduğunu (ya da görüb susduğunu) gördüm.
Ən yaxın hesab etdiyin, sənin üzündə, əlində yaraları görən, haqdan danışıb, "illərdir haqq üçün savaşıram" deyib, Əliyevi zorbalıqda günahlandırıb, hətta bu zorbalığın birbaşa qurbanı olan, övladı həbsdə olanların nala-mıxa vurma qabiliyyətlərini izlədikcə bir şeyi anladım. Bu ölkədə xəstəliyi müalicə etmək istəyirəm deyə meydanda olanların özləri sağlam deyil.
Övladı olan və bu gerçəyi bilən, amma mənafe üçün susub hələ bir tələbdə bulunanlar, bir ad da əlavə çəkilib deyə bütün haqqı və gerçəyi bu fakta qurban kəsib sədaqətçilik oynayanlar vicdanınıza necə yedirdə bilirsiniz bunu anlamış deyiləm.
Nə baş vermişdi? Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimi yox! Çünki görünür, özüm də deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimi? Yox. Çünki haqq deyib, haqsızlıq edənin, "bəlkə topluma bir yararı olar" düşüncəsindəydim, amma Selcan "evdə zorba olan zorbanın yürütdüyü siyasət də zorba olacaq, ondan cəmiyyətə fayda olmaz" düşüncəsində idi. Məni illərin təcrübəsi "müdrikləşdirmişdi" Selcanın cəsarətini hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcansa yox. O, həqiqətin düz üzünə baxırdı.
Selcan xaç taxırdı. Amma onu buna görə linç edənləri məyus edəcəm. Selcan xristianlığı qəbul etməyib. Selcan İsa peyğəmbəri xaç işarəsinə sığdırmırdı, "adi bir simgə ilə peyğəmbərdən büt yaradıb bütləri qıranlar" deyib alay edirdi və bu formalı aksesuarları sevirdi. Hətta üzüyü də var. Selcan bu kimi kiçik tabuları yıxa bilmişdi. Selcan deisdi, heç müsəlman da deyil. Allaha inanır. Keçən yay Quranı oxumaq istədi. Alınmadı. "Bəlkə tezdi, ordakı "Allahdan qorx" tələbi məni qorxudur, mən Allahdan qorxmuram, inanıram, qorxduğumu sevə bilmərəm. Hələ indi oxumayım, bir az daha böyüyüb oxuyacam," deyib belə qərar verə biləcək biriydi. Selcan heç vaxt "millət" "vətən" deyib qışqırmayıb, amma Gürcüstanda qatıldığı təlimdə "Sarı gəlin" mahnısı erməni mahnısı kimi təqdim olunanda dirənib, onu repertuardan çıxarda bilən biriydi. Selcan çox insanlıqdan danışmaz, amma, səhv etmirəmsə, 2012-ci ildə İsrailin Fələstinə hücumu zamanı hələ balacaykən yığdığı pulu Türkiyə səfirliyinə verə bilən biridir. Selcan mərhəmətdən də çox danışmaz, amma dünyada ən böyük arzusu mental xəstələrə mərkəz açıb, özü belə onlara qulluq edəcək qədər həssasdır. Selcan "millət", "vətən" qışqırmaq yox, doğru olanı etmək prinsipi ilə yaşayandı.
Mənə "düz tərbiyə verməyib" iradını bildirənlər sizlərdən neçə nəfəri, ey müsəlman olanlar, neçə nəfəriniz bunları düşündü. Amma 18 yaşlı qız bu idi və daha artığı idi.
"Vay, namus əldən getdi" deyənlər özünüzün etdiyinə baxın. Zorbalığı, şiddəti öz mənafeyinə və ya korkoranə müdafiə edənlər, siz hansı namusdan danışırsız. Güzgüyə baxın. Kimliyinizi, zehninizdəki əxlaqsızlıq fantaziyalarını etiraf edin sonra danışın. Öz profilində paylaşdığı fotoları tirajlayıb böyük cümlələr quranlar bəlkə siz özünüzlə daha səmimi olasız. Aman Allah, bu ölkədə nə qədər "məsum" insanlar varmış?
Selcanı Nərmin Şahmarzadə ilə şərab içməkdə suçlayıb, linç edənlər, ucuz adamlarla ucuz kafe köşələrində ucuzluq edib ailəsinin yanına gəlib, yalan danışanlar. Nərminin məlum yanaşmasını qəbul etməsəm də, o sizdən səmimidir. Bəli, mən onun məlum fikirlərini bölüşmürəm, amma fikir onun fikridir və mən onu buna görə linç edə bilmərəm. Ey müsəlmanlar, hz. Əli döyüşdə üzünə tüpürən əsgəri öldürmədi, "bu qisas olar, cihad yox", dedi. Bu böyüklükdən çox aşağısız, özünüzə gəlin.
Bu günlər ərzində məni agentə qədər çıxaran müxalifət, guya qəzəbli olduğumu zənn etdiklərindən, mənə müxtəlif məlumatlar ötürüb guya mənim əlimlə müxalifəti vuracağını düşünən iqtidar gördüm. Bu günlər ərzində 18 yaşlı gəncin acılarını hiss etmək yerinə, nədir, nədir, bir ad da əlavə çəkilib deyə, həqiqət olduğunu bildiyi halda şiddəti dəstəkləyən müxalifət, haqq deyib mənafe üçün haqsızlıq edənlər, övladım və mənim durumumdan istifadə edib öz siyasi oyunlarını oynayıb, guya ağıllarınca mənə dəstək verən iqtidar, "bəlkə cəbhə hakimiyyətə gəldi, özümü yandırmayım", deyənlər, fürsətcil media, müsəlmanam deyib inandıqları kitabda "bir günahsız insanı öldürmək bəşəri öldürməkdi" dediyi halda günahsız bir qızı öldürmək üçün sıraya girənlər, mənəviyyat deyib ən aşağı söyüşü söyüb mənəviyyatsızlıq edənlər gördüm.
Bu günlər xitab edib tutuna biləcək, səmimi olan az insan gördüm. Mən "məni dəstəkləyənlərə təşəkkür edirəm" demirəm, çünki məni dəstəkləyənlərin içində qarşı tərəfi söyənlər də gördüm. "Söyməyən, təhqir etməyənlərə təşəkkür edirəm" deyirəm.
Vicdanınızla baş-başa qalın. Əgər varsa... Var olduğuna inanıram. Əgər öldürməmisinizsə...
Son olaraq.
Mən də eyni şəkildə əzab çəkdim, amma qızlarımdan üzr istəyirəm. Onları bu zorba ölkədən, ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxtakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdən qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb, bax, elə bu anda gözünün yaşını töküb, əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, "kaş öləydim" deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq "atadır, döyər" düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə, "qadındır da, əri döyər də, sevər də" deyib məhv edilən həyatına rəğmən, guya xoşbəxtlik oyunu oynayıb, qızıl teştə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.
Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün...
Üzr istəyirəm və bu məni kiçiltmir.
P. S. Mitinqqabağı deyib sinə döyənlər, bu ölkənin taleyini elə bu mitinqmi həll edir ki, bunu əldə bayraq etmisiz? Bu qədər səbatsızlıq niyə? Hələ uzun yol var. o yolu sona qədər gedə bilmək üçün gerçəklərdən üz çevirmək lazım deyil. Mənim iradəmdən kənarda yaranmış durumu krizə çevirmədən də həll etmək olardı. Bir az eqodan taviz verilsəydi.
Bu arada mitinq olarsa, mən də orda olacam. Məndən artiq vətənpərvərlik edənlər gülünc görünürsüz. Bir az düşünməyi öyrənin, o üzdən bu başdan deyim ki, yazilan rəylərdəki boş söz, söyüş və düşüncələrinizə qətiyyən əhəmiyyət verməyəcəm. Sİlməyəcəm belə... Həm tərbiyə, həm də zəkanızı öyrənmək pis deyil.
KARUSEL / GÜNDƏM / ÖLKƏ / YAZARLAR
Tarix: 25-09-2019, 19:58