Qarabağdakı erməni "nazir" Laçında törədilən erməni vandalizmindən yazdı - əsl sensasiya!
Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki separatçıların qondarma naziri Ayk Xanumyan Laçın şəhərində və rayonun Zabux kəndində yaşayan ermənilərin törətdiyi vandalizm aktlarından və oğurluqlarından yazıb. Xanumyanın yazdığına görə, Laçında və rayonun Zabux və Sus kəndlərində yaşayan ermənilər aşağıdakı əməlləri törədiblər:
“Avqustun ortalarında Zabuxa Laçındakı yarımstansiyadan verilən elektrik enerjisi dayandırıldı, Laçın şəhərinə və Zabuxa elektrik enerjisi Xankəndidən çəkilən elektrik xətti ilə verildi. Amma bir neçə gündən sonra törədilən yanğınlar elektrik dirəklərini və yeni çəkilmiş xəttləri sıradan çıxartdı;
Laçında transformatorun yağını oğurladılar;
Laçında törədilən yanğınlar Ermənistandan Xankəndinə gələn yüksək gərginlikli elektrik xətlərinə ciddi təhlükə yaratdı;
Zabux ərazisində optik internet kabelləri oğurlandı və bu səbəbdən Xankəndi bir müddət internetsiz qaldı;
Telefon qüllələri metal oğruları tərəfindən darmadağın edildi. Biz dəfələrlə çağrış etdik ki, evləri yandırmasınlar, uçurmasınlar, infrastrukturu dağıtmasınlar, amma nəticə olmadı;
Ayk Xanumyanın yazdığına görə, baş verənlərdə Ermənistandan gələn “feysbuk qəhrəmanları”nın – “fərari fəallar”ın rolu olub və onların “dezinformasiya hücumları” bir sıra problemlərə zəmin yaradıb.
...Göründüyü kimi, hətta separatçıların təmsilçisi də ermənilərin vəhşiliyini, vandallığını etiraf etmək məcburiyyətində qalıb.
Amma qənaətimə görə, bu etiraflardan daha çox Xanumyanın yazısında diqqət çəkən məqam Ermənistandan gələn təxribatçılarla bağlıdır. Anlaşılır ki, Ermənistandan gələnlər artıq Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə də ciddi təhdid yaradırlar. Deməli, bu təhdidin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirmək lazımdır.
Elçin Mirzəbəyli,
Əməkdar jurnalist
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-08-2022, 15:00