mobil versiya

Bakıda Primakova həsr olunan sərgi keçirildi - Universitet özünə haqq qazandırır



Oktyabrın 29-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi təşkil olunub. Sərgidə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən unikal sənədlər və fotoşəkillər təqdim olunur.

REPORTYOR.AZ xəbər verir ki, həmçinin Primakovun 90 illik yubileyi ilə əlaqədar esse müsabiqəsi də təşkil olunub.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələri - Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib.




Həmin tələbələr Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alırlar.
Görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, Yefgeni Primakov 1990-cı il 20 yanvar tarixində Azərbaycanda törədilmiş qırğının təşkilatçılarından biri olub. Onun rəyi əsasında Qorbaçov Bakıya qoşun yeridilməsinə qərar verib. Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.



Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb. Y.Primakov 2015-ci ildə ölüb.
Belə şəxsin adına Bakıda sərgi və müsabiqə keçirilməsi isə Azərbaycan cəmiyyətində böyük hiddət doğurub. Sosial şəbəkələrdə BSU ciddi etiraza, tənqidə və qınağa tuş gəlib. Ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyini istefaya səsləyiblər.


Milli Məclisin deputatı, “İstiqlalçı deputat” Tahir Kərimli oxu.az-a açıqlamasında sərgi keçirilməsini pisləyib və deyib ki, bu cür sərgilər keçirilərkən Azərbaycan xalqının maraqları nəzərə alınmalı idi:


“Biz müstəqilliyimizin bərpası üçün nə qədər şəhid vermişik. Meydanlarda olmuşuq. Mən o zaman Mixail Qoraçov barəsində ölüm hökmü çıxarmışdım. İndi isə Qorbaçovun siyasətini həyata keçirən Primakovla bağlı sərgi keçirilir”.

Bakı Slavyan Universiteti isə açıqlama yayaraq özünə haqq qazandırmağa çalışıb. Universitetdən bildirilib ki, esse müsabiqəsi Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub:

“BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.


BSU rəsmi açıqlamasında müsabiqənin keçirilməsinin universitetin yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılması, həmçinin orada bir neçə ölkənin tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərməsi ilə əlaqələndiriblər:

“Həmin tədris-mədəniyyət mərkəzlərindən bir də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirdlərdə mütəmadi olaraq iştirak edirlər”.

Bu açıqlamalara baxmayaraq BSU belə bir müsabiqə və sərginin keçirilməsinə niyə icazə verdiklərinə münasibət bildirməyiblər.
MANŞET / SON XƏBƏR / BANNER / GÜNDƏM / ÖLKƏ
Tarix: 31-10-2019, 16:15