mobil versiya

Mehmana 15 min manat təklif edən Fərəc Quliyevin nümayəndəsinə 570 min manat ayrıldı (TƏFƏRRÜAT)




"Azərxalça" Açıq Səhimdar Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

    
Tender müsabiqəsinin qalibi "Qafqaz Standart" MMC şirkəti olub. Müsabiqənin şərtinə görə "Qafqaz Standart" MMC "Azərxalça" ASC-yə xalça toxumaq üçün 17 ton ip satacaq.
                                                 
Müsabiqənin şərtinə görə "Azərxalça" ASC "Qazax-Qarabağ" və "Şirvan-Təbriz" qrupları üçün müxtəlif rənglərdə olan üz iplərinin satınalınması məqsədilə "Qafqaz Standart" MMC-yə ümumilikdə 569 min 916 manat 40 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, "Qafqaz Standart" MMC "Azərxalça" ASC-yə ipin 1 kiloqramını 33,5 manata satacaq. 

Məlumat üçün bildirək ki, "Qafqaz Standart" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 73/5, m 45-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğludur.

"Azərxalça" ASC-dən 570 min manatlıq tender udan Əhədli Çingiz Yusif oğlunun adı daha çox sabiq millət vəkili Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olaraq keçir. Çingiz Əhədli 2013-cü ildə Prezident seçkilərində, 2014-cü ildə Bələdiyyə seçkilərində, 2015-ci ildə Milli Məclis seçkilərində, 2018-ci ildə Prezident seçkilərində və ən nəhayət 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə  Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub. Çingiz Əhədli eyni zamanda Partiyanın Ali Məclisinin üzvüdür.

    
Çingiz Əhədlinin rəhbərlik etdiyi daha bir şirkət "Alonya" MMC adlanır. Hüquqi ünvanı Xocavənd rayonunun Tuğ kəndi göstərilir. Nizamnamə kapitalı 10 manat olan şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb.

    
"Alonya" MMC-nin adı, yalnız 2018-ci il və 2019-cu ildə qalib olduğu 3 tender müsabiqələrində keçir. "Alonya" MMC 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin (18 980 manat), 2019-cu ildə isə "Azəristiliktəchizat" ASC-nin (550 367 manat) elan etdikləri tender müsabiqələrinin qalibi olub.

    
Maraqlıdır ki, dövlət qurumlarından yarım milyonluq tenderlər udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. 

    
Onu da bildirək ki, Çingiz Əhədlinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Həmin dairədə Fərəc Quliyevin rəqibi olan Mehman Hüseynovun yayımladığı səs yazısı sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olundu.

    
Yayılan səs yazısında Fərəc Quliyev Mehman Hüseynova təklif edir ki, namizədliyini onun xeyirinə geri götürsün və vəkili olsun. Fəqrəc Quliyev bundan sonra  Mehman Hüseynova müalicə xərclərini ödəmək üçün 10-15 min manat təklif edir.

Mənbə: Yeniavaz.com
MANŞET / SON XƏBƏR / KARUSEL
Tarix: 15-02-2020, 12:18