mobil versiya

Hüseyn Abdullayevin İsveçrədən gələn nümayəndəsi nələr danışdı?


Hüseyn Abdullayevin İsveçrədən gələn nümayəndəsi Mark Comina "Yeni Müsavat" qəzetinə eksklüziv açıqlama verib. Nümayəndə Hüseyn Abdullayevin hazırda davam edən məhkəmə işi ilə bağlı fikirlərini bildirib.

Mark Comina qeyd edib ki, o və Hüseyn Abdullayevin ABŞ-dan olan beynəlxalq vəkili Cərit Qənsər dəfələrlə Azərbaycana səfər ediblər. Nümayəndə söyləyib ki, Cəritin bu işdə Hüseyn Abdullayevin vəkili kimi çıxış edə bilməyib. Səbəb Azərbaycanda xarici ölkə vətəndaşı olan vəkilin məhkəmə prosesinə qoşulmasına qanunun icazə verməməsidir.

Mark Comina qeyd edib ki, Hüseyn Abdullayevlə görüşmək üçün cəhdlər etsələr də, bu, mümkün olmayıb. O bildirib ki, müvafiq dövlət qurumlarına Hüseyn Abdullayevlə görüşmək üçün müraciətlər ediblər, lakin bu günə qədər müsbət cavab ala bilməyiblər.

Sentyabrın 5-də keçirilən məhkəmə iclasına gələn Mark Comina qeyd edib ki, məhkəmə prosesinə Almaniya səfirliyindən nümayəndə də gəlib. Nümayəndə səfirin siyasi məsələlər və insan haqları üzrə birinci katibi olub. Lakin məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Mark Comina qeyd edib ki, Almaniya səfirliyinin nümayəndəsi artıq 4-cü dəfədir ki, Hüseyn Abdullayevin məhkəməsinə gəlir.
Hüseyn Abdullayevə qarşı irəli sürülmüş ittihamlarla bağlı sualları cavablandıran Mark Comina bildirib ki, Hüseyn Abdullayevi müdafiə etmək üçün yaradılan beynəlxalq hüquqşunaslardan ibarət komanda onun işini araşdırıb və belə qənaətə gəlib ki, onlar əsaslandırılmamış ittihamlardır və siyasi qərarlar əsasında irəli sürülüb.

"Bu ilin avqust ayının 30-da BMT-yə şikayət ərizəsi vermişik. BMT ən gec 6 ay müddətində bu məsələ ilə bağlı qərar verəcək və biz inanırıq ki, Azərbaycan hökumətindən Hüseyn Abdullayevin dərhal azadlığa buraxılmasını istəyəcək.

Həmin müraciətdə əsas məsələ kimi Hüseyn Abdullayevin 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycan gətirilməsini vurğulamışıq.

Yerli medianın yazdığının əksinə olaraq, onun barəsində axtarış yox idi. Onun üzərində axtarış qərarı olmadan qeyri-qanuni olaraq Türkiyə hökuməti tərəfindən həbs olunaraq Azərbaycana gətirilib"- deyə isveçrəli nümayəndə söyləyib.

Cominaya növbəti sualımız Bakıda olduğu müddətdə iştirak etdiyi məhkəmə proseslərindəki ümumi mənzərə haqda təəssüratı olub. Mark Comina hələ də bu sistemin məntiqini başa düşməyə çalışdığını bildirib.

"Mən hələ bu sistemi başa düşməyə çalışıram. Mənim müştərim hüquqlarından məhrum edilib. Ona mənimlə və amerikalı vəkili ilə görüşməyə icazə verməyiblər. Beynəlxalq və yerli qanunlara görə Hüseyn Abdullayevlə görüşə bilərik. Bunu heç nə qadağan etmir. Amma indiki halda bu mümkünsüz olaraq qalır"- deyə Mark Comina qeyd edib.

Mark Comina Hüseyn Abdullayevin siyasi fəaliyyəti və həbsinin səbəbləri haqda da fikirlərini qeyd edib.

O deyib ki, H.Abdullayevin həbsi siyasi motivlidir: "Bu ittihamların heç bir əsası yoxdur. Bizə məlumdur ki, bu siyasi motivlidir. O, ona görə cəzalandırılır ki, höküməti tənqid edib. 2007-ci ildə onun həbs olunması da siyasi məsələ idi. Bu işlə bağlı Avropa Məhkəməsi ona bəraət verib.

2013-cü ildən Almaniyada siyasi sığınacaq alıb. Hökuməti və hökumət nümayəndələrini tənqid edib. Və bu tənqidə görə də o cəzalandırılıb.

Bu cəzalandırma da qeyri-qanuni olaraq həyata keçirilib".

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

MMC-nin rəhbəri kimi, Hüseyn Abdullayev barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Bundan başqa ayrı-ayrı şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Hüseyn Abdullayev ittihamla özünü təqsirli bilmir.

MANŞET / KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 6-09-2019, 12:39