mobil versiya

İki keçmiş nazirdən Siyavuş Novruzovun ittihamlarına reaksiya gəldi


Misir Mərdanov: “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil”

Ziya Məmmədov: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”

Sabiq təhsil naziri Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib.

M.Mərdanov Demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil: “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”. M.Mərdanov keşmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib: “Ola bilər ki, bu cür adamlar olsun. Ancaq mən özümə cavabdehəm. Mən bu məsələlərlə bağlı mövqeyimi hər yerdə açıq şəkildə bildirmişəm. Lazım olsa yenə bildirməyə hazıram. Düşünürəm ki, Siyavuş Novruzovun sözlərindən hər kəs özü üçün nəticə çıxaracaq”.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov isə səsləndirilən ittihamlarla bağlı Sfera.az-ın sualına cavab verib. Eks-nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatirladaq ki, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində hakim partiyanın funksioneri bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər. “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürüb: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”. YAP rəsmisi daha sonra bəyan edib: “Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

Musavat.com

MANŞET / KARUSEL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 7-09-2019, 16:39