Ermənistan inqilab eyforiyasından çıxır - kritik gözlənti
Hökumət özünümüdafiə taktikasına keçir; xalqdan qorunmaq üçün qalxan qismində “ehtiyat qüvvə” yaradılır; erməni nəşri: “Paşinyan hadisələrin mümkün inkişaf ssenarilərinə hazırlaşır...”
Ermənistanın “xalq baş naziri” Nikol Paşinyan uğursuzluq zolağına girib. Hamı ondan ilk növbədə əhalinin rifah halını yaxşılaşdırmaq, Qarabağ konfliktinin həllində real addımlar atıb ölkəni blokada rejimindən çıxarmağı gözlədiyi vaxtda o, avqustun 5-də - hakimiyyətinin 15-ci ayında bəyan elədi ki, “Qarabağ Ermənistanındır. Nöqtə”. “Nöqtə” isə məntiqlə o deməkdir ki, problem daha mövcud deyil.Hərçənd bundan az öncə Paşinyan bildirmişdi ki, müharibə hələ bitməyib. Müharibə bitməyibsə, o zaman Qarabağ konflikti necə bitmiş sayıla və nöqtə qoyula bilər? Biz hələ onu demirik ki, Nikol Vovayeviç özü-özünü təkzib edən başqa ziddiyyətli fikirlərin də müəllifidir. Məsələn, demişdi ki, “Münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqını qane etməlidir”.
Yaxud onun yaxın 30 il üçün Ermənistan əhalisinin sayını 5 milyona çatdırmaq, 1.5 milyon iş yeri açmaq, 2.5 milyon adam üçün işsizlik problemini həll edib yoxsulluğun kökünü kəsmək, ölkə iqtisadiyyatında ÜDM-i 15 dəfə artırmaq, 5 milyard dollar tapıb silahlı qüvvələri gücləndirmək və məğlubedilməz ordu yaratmaq barədə vəd-sərsəmələmərini də xatırlamaq olar.
Artıq bu qəbildən vədlərə Nikol Paşinyanın ən fanatik tərəfdarları da inanmırlar. Çünki göz gördüyünə inanır. Görünən isə budur ki, Paşinyan və onun komandası hakimiyyətdə olduğu il yarımda öyünüləsi heç bir ciddi iqtisadi uğura imza ata bilməyib. Erməni iqtisadçılarının da etiraf elədikləri kimi, iqtisadiyyatda böhran, ölkədə kütləvi işsizlik və səfalət, xaricə köç davam edir. İşğalçı ölkədə hazırkı hakimiyyətdən narazıların sayı isə hər gün bir az daha artmaqda, etiraz aksiyaları genişlənməkdədir.
Sıravi ermənilər beləcə, keçən ilin 8 may “məxməri inqilabı”nın eyforiyasından sürətlə çıxıb sərt gerçəyə açıq gözlə baxmaqdadırlar. Elə keçmiş jurnalist - indiki baş nazir Paşinyanın özü də, deyəsən, proseslərin fərqindədir və eyforiyadan çıxmağa başlayıb...
*****
Ermənistan daxilindəki situasiyanı təhlil edən erməni siyasi icmalçı Ayk Usunts yazır ki, cəmi bir il öncə - nə vaxt ki, inqilab eyforiyası kəllə-çarxda idi, Paşinyanın reytinqi isə Kim Kardaşyandan yüksəkdə idi, insanlar hiss etmirdi ki, hara yuvarlanırlar: “Təbii ki, aşağıya doğru. Gör vəziyyət hara gəlib çatıb ki, Ermənistanın ictimai xadimləri öz dövlət başçılarını Kardaşyanla müqayisə edirlər... Adamlar iki təhlükəli şeyin baş verdiyini hiss etməyiblər. Biri odur ki, baş nazir, MTX direktoru və İstintaq Xidmətinin rəhbəri gizli şəkildə dinlənilib. Dinlənilmə faktının və müvafiq audioyazıların dərcinin özü artıq dövlət təhlükəsizliyi baxımından çox pis siqnal idi”.
Müəllifə görə, Ermənistanda siyasi təqiblər həyata keçirilir, hakimlərə təzyiq edilir və telefon mühakiməsi həyata keçirilir. “Yəni sifarişlər var. Başqa sözlə, Nikol xalqı aldadıb. Ancaq bu aldanış eyforiya mərhələsində, Paşinyan Kardaşyandan da populyar olduğu vaxtda faş olduğu üçün bizim cəmiyyətin ”qürurlu" kəsmi ona suallar verəsi olmadı", - deyə o qeyd edib.
Erməni siyasi şərhçinin fikrincə, artıq cəmiyyətdə bir çoxu başa düşür ki, problem 2-ci prezidentdə (Robert Köçəryan nəzərdə tutulur - “YM”) yox, ölkədə biabırçı atmosferin bərqərar olmasında və məhkəmə sisteminin məhv olma həddinə gəlməsindədir. “Artıq böyük aşınmalar baş verib. Hərçənd heç olmamaqdansa, gec olmağı daha yaxşıdır. Vəziyyətin daha da ağırlaşmasına imkan vermək olmaz. Müştəri (Nikol Paşinyan nəzərdə tutulur - ”YM") əsəbi və proqnoza yatmayan obyektə çevrilməkdədir", - deyə o əlavə edib.
*****
“Past” qəzeti isə yazır ki, hakimiyyət bir neçə istiqamətdə hadisələrin mümkün inkişafına hazırlaşmağa başlayıb. “Yeni Müsavat”ın məlumatına görə, nəşr qeyd edir ki, Ermənistanın siyasi həyatında az qala hər gün müxtəlif variasiyalar müşahidə edilir, hansı ki, öz növbəsində zamanında siyasi təzədən qruplaşmalara və ölkə gündəminin dəyişməsinə gətirə bilər.
Qəzet öz mənbələrinə istinadən yazır ki, hakimiyyət kataklizmlərdən qaçmaq üçün bir neçə istiqamət üzrə proseslərin inkişafına hazırlıqlar görür: “Nikol Paşinyan özü üçün ”ehtiyat qüvvə" yaradılmasına girişib - hansı ki, ondan ötrü reytinqin kəskin və geridönməz şəkildə düşdüyü və ya hadisələrin qəfil kəskin inkişafı halında ondan ötrü qalxan rolu oynamalıdır".
Qəzet yazır ki, bu məqsədlə parlamentdəki qüvvələrlə ondan kənardakı qüvvələr birləşməkdədir. “Bu qüvvələr hakimiyyətin həyata keçirdiyi ”məxməri" siyasətə və “yumşaq üsullar”a qarşıdır. İstisna deyil ki, belə bir konsolidasiya edici qüvvəyə müxtəlif vaxtlarda siyasi opponent sayılanlar da qoşulacaq", - deyə nəşr əlavə edib.
*****
Xatırladaq ki, keçən həftə Nikol Paşinyan qatı anti-Rusiya mövqeyi ilə seçilən və Ermənistandakı Rusiya hərbi bazalarının bağlanmasını tələb edən radikal “Sasna Tsrer” partiyasının rəhbəri Jirayr Səfilyan və qurumun digər aparıcı üzvləri ilə görüş keçirib. Görüşdə nələrin müzakirə edildiyi barədə rəsmi bilgi verilməyib. Yalnız fakt rəsmən təsdiqlənib. Livan “təcrübəsi”nə malik peşəkar terrorçu Səfilyan isə görüşlə bağlı deyib: “Kremlin Paşinyandan bacardıqca tez qurtulmaq barədə qərarı var”.
Səfilyan və tərəfdarları 3 ilk öncə İrəvanda polis idarəsini ələ keçirərək bir polis zabitini qətlə yetirməyə görə həbsə alınmışdılar. Nikol Paşinyan isə hakimiyyətə gələn kimi onları azad etdirdi, üstəgəl, bu terrorçu qruplaşma eyni adda partiya yaradaraq, ötən ilin dekabrında parlament seçkilərinə qatıldı.
Belə görünür ki, Paşinyan hadisələrin arzuolunmaz səmtdə inkişaf edəcəyi təqdirdə hətta terrorçuların xidmətindən də yararlanacaq. Axı onun “stəkanda fırtınası” alınmayıb. Demək, əsl fırtına qabaqdadır. Başqa yandan, bu ölkədə hakimiyyət uğrunda mübarizədə terror həmişə sınanılmış üsullardan olub. Elə hazırda mühakimə olunan eks-prezident Robert Köçəryan 1999-cu ilin oktyabrında öz əsas siyasi rəqiblərinin axırına məhz terror yolu ilə - parlamenti gülləbaran etməklə çıxmışdı. Pis nümunə yoluxucu olur...//"Yeni Müsavat"
MANŞET / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 13-09-2019, 09:24