mobil versiya

Azərbaycan gözəli: Sevgilim məni qaçırdı, yeddi gündən sonra evə buraxdı - FOTO



“Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynovanın Oxu.Az-a müsahibəsi:

- Sizinlə sonuncu müsahibəmizdən altı ay keçib. Bu vaxt çərçivəsində hansı işləri görmüsünüz?

- Başım işlərimə qarışıb. Sonuncu dəfə sizinlə İstanbulda görüşdük. Elə oradan Bakıya gələn kimi başım çəkilişlərə başladım. Heç dincələ bilməmişəm. Türkiyəyə getməyim səhhətimlə əlaqəli idi. Yaddaşımla bağlı problemlər yaranmışdı. Orada bir çox kastinqlərə qatıldım. Amma istədiyim nəticəni əldə etmədim.


Bizdə əcnəbi modellərə olan sevgi orada yoxdur. Düşündüm ki, Türkiyədə qalmağımın heç bir mənası yoxdur. Təsəvvür edin ki, “oturum izni” alan gün qayıtdım Bakıya. Hərdəmxəyal insanam. İstanbulda model məktəbinə də baş vurdum. Sadri Alışık Aktyorluq Məktəbinə daxil oldum. Amma bu işi də yarıda buraxdım. Düşündüm ki, istədiyimi burada əldə edərəm. Əfsuslar olsun ki, orada bunu görmədim. İstədiyim ABŞ standartlarıdır.

Haradan səs gəlirsə, ora gedirəm. “Miss and Mister of Azerbaijan-2020” model yarışmasının ilk seçimləri başlayıb. Bu dəfə izləyicilər məni münsif kürsüsündə görəcək. “Miss Azerbaijan-2019” olduğum üçün tacımı heç kimə vermək istəmirəm.

Kastinqdə iştirak edən hər bir modelə uğurlar arzu edirəm. Amma kastinqə qatılanlar arasında nə yaraşıqlı bəy gördüm, nə də gözəl xanım. Hələlik özümdən gözəl xanım görmürəm. Kim bilir, bəlkə, “Miss Amerika” oldum. Yarışmalarda o qədər haqsızlıqlar olur ki, artıq heç kim qatılmaq istəmir.


Özümün də qəlbim qırıq idi. “Tutar qatıq, tutmaz ayran” söhbəti. Qızlarımız artıq düşünür ki, çirkin status almaqdansa, nominasiya verilmirsə, demək, bu yarışmanı saymırlar. Ondansa evdə oturmağı daha üstün tuturlar. Amma artıq yarışmalar öz statusunu itirir. Çünki gözəl qızlar, yaraşıqlı oğlanlar seçilmək əvəzinə, çirkinlər seçilir.

Yarışmaya qatılan qızların əksəriyyətinin ölçüləri model ölçülərinə bərabər deyil. Danışığı, səhnə qabiliyyəti, özünü təqdim etməsi aşağı səviyyədədir. Bizdə açıq-saçıq fotosessiyalarla modellik sahəsini önə mən çəkdim. Bikini, alt paltarlarının reklamı və ya gecə libaslarının reklamında daş-qalaq olunsam da, özümü qəbul etdirə bildim.

Əvvələr Səmranı başqa cür təqdim edirdilərsə, indi tamam başqa cürdür. Cəmiyyət Səmranı qəbul edib, həzm edib. Düşünürəm ki, məni qəbul etməyənlərin sayı çox azdır.


Türkiyədə yenə “sponsor” söhbətləri var. Azərbaycanda kimin sənəti varsa, onu önə çəkirlər. Orada sənətə dəyər, qiymət verən yoxdur. Tükiyədə gərək sənin sponsorun olsun, bir-birini reklam edəsən ki, nəsə əldə edə biləsən. O da böyük sual altındadır. Mənə bir sponsor çıxdı. Ondan iş təklifi aldım. Bir yarışmada iştirak edib, reklama çəkiləcəkdim. Sadəcə “oturum izni” ilə əlaqədər xaricə gedə bilmədim.

Qatılacağım müsabiqə isə Kiprdə idi. Mənə sponsor çıxan şəxsin mənə qarşı olan niyyəti sonradan dəyişdi. Bunu görüb yarışmadan imtina etmək məcburiyyətində qaldım. Sponsorun böyük biznesi var idi. Restoran biznesi ilə məşğul olur. Danışmışdıq ki, onun şirkətinin reklamını mən edəcəyəm, o da ona müvafiq olaraq mənə sponsorluq edəcək.

Mənimlə ciddi münasibət qurmaq, evlənmək istədiyini bildirdi. Dedi ki, istəyirəm, mənim “karım” olasan. Ailə həyatı haqqında düşünmürəm. Bunlar mənim üçün deyil. O, məndən 5 yaş böyük idi.


Düşünmürdüm ki, İstanbulda belə bir hadisə ilə qarşılaşaram. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. Hər kəs öz işinin bədəlini ödəyir. Yarışma yaxınlaşır, həyəcan, stres, işin alınıb-alınmayacağını düşünürsən, eşidirsən ki, sponsor deyir, “Mən sənə aşiq olmuşam”. Özümə deyirəm, “heç hənanın yeri idi”? Belə şeylərdən uzaq durmaq üçün geri döndüm.

- Qayıdıb gələn kimi, yenə gündəmə gəlməyi bacardım. Kilsədə “fashion” çəkilişi aləmi bir-birinə qatdı. 

- Rejissorun və brendin istəyilə həmkarlarımla birlikdə kilsədə çəkilişimiz oldu. Dedilər ki, bu rolu canlandırmalısan, belə olmalısan, mən də etdim. Məni onsuz da hamı qaralamağı xoşlayır. Dinimi dəyişməmişəm, müsəlmanam. Ona qalsa, biz heç müsəlman da deyilik. Biz “müşrik”ik. Əgər damağımıza şərab dəyirsə, söyüş söyürüksə, biz “müşrik” sayılırıq.


- “Instagram” hesabında olan açıq-saçıq fotolarını tez-tez silib, yenidən yükləyirsən. Səbəb nədir?

- Münasibətim olanda açıq-saçıq fotolarımı silirəm, münasibətim bitəndə həmin fotolarımı yenidən səhifəmə qaytarıram (gülür). Əgər açıq-saçıq fotolarım qayıdıbsa, deməli, münasibətdə deyiləm. Bu, mənim öz səhvim idi. Bir oğlana mənimlə tanış olmaq üçün şans verdim. Şansı dəyərləndirdi, lakin mənim səhvlərim çox oldu.

Onunla görüşməmək üçün min dənə bahələr gətirdim. O qədər onunla görüşməyə “yox” cavabı verdim ki, o da bezdi. Mən münasibətə başlayanda tələblərim çox olur. Əsas dəyərdir, qiymət yox. Qısqanc olmalıdır, amma mənə azadlıq verməlidir. 7/24 məni axtarmalıdır. Məni 2-3 saat diqqətindən buraxmamalıdır. Məni 2-3 saat buraxdın, “vso”. Başqasını tapmasam da, başqası məni tapır. Hətta qaçıra da bilər.

Keçmiş sevgilim tərəfindən 21 yaşımda qaçırılmışam. Məni başqa oğlanla nişanlayırdılar. Barmağıma üzük taxılan günü məni qaçırdı. Nişanlandığım şəxs bundan xəbər tutandan sonra nişanı qaytardı, o isə məni yeddi gündən sonra evə buraxdı. Biz dörd il onunla çox güclü sevgi yaşamışıq. Amma birlikdə olmağımız mümkün olmadı. O, başqa bir qızla nişanlandı, mən də ona acıq vermək üçün eyni addımı atdım.


O biləndə ki nişanlanmışam, əsəbiləşib məni qaçırdı. Təbii ki, ailələrimiz arasında söz-söhbətlər oldu, o, heç məni buraxmaq istəmirdi. Amma mən onun əlindən qaçıb, qayıtdım evə. O, indiyə kimi mənə yazır. Rusiyada yaşayır. Sonuncu dəfə yazdı ki, “Çox peşmanam. Mənə şans ver, yenidən başlayaq”. Mən isə məna görmədim.

Özümə söz vermişəm, heç zaman dönəni bağışlamayacağam. Çünki onlar gedəndə mən çox əziyyət çəkirəm. Məsələn, mən bir insanı istəyəndə, ruhumu, canımı, qəlbimi, sevgimi, onun namusunu qorumağına kimi, başını yüksək tutmağına qədər hər şeyi qurban verirəm. Özümü belə qurban verirəm. Amma onun dəyərində əgər göz yaşı, xəyanət, qəlb qırıqlığı görürəmsə və o, sonradan bunu başa düşürsə, artıq gec olur.

İnsanlara ikinci şans vermək lazım deyil. Şansdan sonra sənə görə qarşı tərəf oynayır. Oynayır ki, sən aldanasan və ona yenidən ikinci şans verəsən (gülür).


Məsələn, hamı deyir ki, mən bahalı həyat tərzi sürürəm, amma əslində, elə deyil. Hamısı hədiyyədir. Mən özüm heç vaxt özümə bahalı geyim almıram. Əlimə düşən pulu da xeyriyyə işlərinə xərcləyirəm. Mən keçmişi unudan insan deyiləm.

Bir müddət öncə Bali adalarına getdim. Necə deyərlər, “həm ziyarət, həm ticarət”. Yəni bu reklam çəkilişi idi. Orada yerləşən məşhur bir hotelin reklam çarxına çəkildim, barter olaraq isə orada bir neçə gün qalıb dincəldim. Hardandır məndə o qədər pul?! Bəxtim pul sarıdan heç gətirmir. Bu, sadəcə, iş təklifi idi. Sizə deyim ki, mən çox qənaətciləm. Pulumu sağa-sola xərcləməyi sevmirəm. Ayağımı hər zaman yorğanıma görə uzadıram. Elə olub ki, qış mövsümündə bir çəkilişim də olmayıb. Çalışmışam, bu durumdan alnıaçıq çıxım.

Sosial şəbəklərdən o qədər də çox pul qazanmıram. Çünki sosial media hesabım o qədər də aktiv deyil. Mənim hər gün paylaşımlar etməyə nə səbrim çatır, nə də zamanım. Səhifəmi artırmaq kimi də məsələlər mənlik deyil. “Instagram” hesabımda 70 min izləyicim var. Sıfıra düşdüyüm zaman çalışıram çəkilişlərin üstünə qaçım (gülür). Normal yaşayış üçün mənə nə qədər pul bəs edirsə, elə o qədər də işləyirəm.


- Adətən, deyirlər ki, modellər podiumda “asılqan”ı xatırlatmalıdırlar. Bu deyimlə razısan?

- “Asılqan”a oxşamıram? Əlbəttə, razıyam. Model seksual olmalıdır. Amma özünü deyil, əyninə geyindiyi libası göstərməlidir. Bizdə isə sinəsi, arxası böyük modellər geyimləri nümayiş etdirir. Geyim qalır kənarda, önə modelin iri silueti çıxır. Bu isə kənardan iyrənc görünür. Bu, savadsızlıqdan irəli gələn məsələlərdir. Mağaza açmaqla deyil. Brendin simasını seçməklə bilinir ki, oranın başında oturan hansı savada və səviyyəyə malikdir.

- Həyatında baş verən hansı məqamların üstündən birdəfəlik xətt çəkmək istərdin?

- İncidiyim və küsdüyüm yerə geri dönmək istəmərəm. Bir dəfə rəfiqəmdən çox pis incidim. O vəziyyəti aradan qaldıra bilmədim. Mən verdiyim dəyəri, qiyməti ondan bir yaxın rəfiqə kimi geri ala bilmədim. Onun mənə qarşı etdiyi çox iyrənc hərəkət idi. O qədər iyrənc söhbətdir ki, danışıb ürəkləri bulandırmaq istəmirəm. Hazırda da onunla danışmıram. Amma “Instagram”da onu gizlicə güdürəm (gülür).

- İndiyə kimi verdiyin ən səhv qərar hansı olub?

- Mənə elə gəlir ki, indiyə kimi verdiyim bir çox qərarlar səhv olub. İnsan nə edirsə, düz edir. Qəlb qırmırsa, deməli, hər şey düzdür.


- Azərbaycanda yerindən duran özünü model adlandırır. “Instagram”da özünə “fake” izləyici kütləsi yığır, daha sonra modellik yarışmalarına qatılaraq özündən söz etdirir. Tənqid olunsa da, “qara piar”dır deyib, daha da irəli gedir. Beləcə, məşhurlaşır. Belə model qızlara münasibətin necədir?

- Həmin modellərin adlarını çəksəm, küsəcəklər. Onların ən böyük səhvi gedib model olmalarıdır. Mən bu qizlara nə deyim? (gülür) Güzgüyə baxıb görürsən ki, modelliyə heç adiyyətin belə yoxdur, nə vacibdir ürəkləri bulandırasan? Bu, mənim şəxsi fikrimdir.

- Son illər model yarışmalarının sayı “yağışdan sonra artan göbələklər”i xatırladır. Bu qədər model müsabiqələrinin keçirilməsində məqsəd nədir?

- İlk növbədə pul qazanmaq üçün “model” müsabiqələri təşkil olunur. Hər hansı bir yeri tutmaq üçün modellər bu cür yarışmalara 5-10 min pul ödəyir. Amma dövlət dəstəyilə keçirilən yalnız iki model müsabiqəsi var: “Miss and Mister Azerbaijan” və “Best model of Azerbaijan”.


- Səni daha çox sosial şəbəkələrdə görürük, amma telekanallarda və verilişlərdə gözə dəymirsən. Efirlər səni qəbul etmir, yoxsa verilişlərə çıxmaq maraqsızdır?  

- Efirlərə dəvət olunuram. Sadəcə, verilişlərdə baş verən qalmaqalları, qonaqlara ünvanlanan sualları görüb təlaş yaşayıram. Özümü bu məqamlara hazır hiss etmirəm. Mən heç zaman özümü “Maşın” şouda görə bilmərəm.

Emosional insan olsam da, hamı ilə dil tapa bilmirəm. Qatılsam da, bir kənara çəkilib, sakitcə duracağam ki, heç kim mənə dəyib-dolaşmasın. Qaynayıb-qarışmaq kimi şeylər mənlik deyil. 


- Evdə ən çox mübahisə nəyin üstündə düşür?

- Ən çox yeməyim üstündə. Valideynlər deyirlər ki ye, mən isə yemirəm. Davalar da məhz bunun üstündə olur. Hərdən yemirəm, hərdən unuduram, hərdən də iştaham olmur. Həm də özümü qorumalıyam. Formada qalmalıyam, axı bu, mənim işim və gəlir mənbəyimdir. Bir az yeyən kimi şişirəm. Ona görə belə həyat tərzi sürməyə məcburam.

- Sosial media əhli tez-tez şərhlərdə “anoreksiya” xəstəliyinə tutulduğunu yazırlar. 

- 172 boyum, 43 isə çəkimdir. Mən düşünmürəm ki, “anoreksiya” keçirən xəstələr kimiyəm. Yox, bunlar ancaq dedi-qodurlardır. Ola bilər ki, arığam, amma “anoreksiya” deyiləm. Səhhətimdə bir ara problemlər yarandı, bu səbəbdən səkkiz kiloqram çəki itirdim. Bu, keçirdiyim stresə görə oldu.


- Qısa donla şəhərdə velosiped sürürsən. Bu görüntülərini çəkib “Instagram”da paylaşmışdılar. Tanış olmaq məqsədilə yaxınlaşanlar çox idi, yoxsa təhqir edənlər?

- Velosipedlə şəhərə çıxmağım “konsert”dir. Görəndə ki sürücülər məni yolda sıxışdırırlar, dövlət yol polisləri mənə çox kömək edirlər. Ən çox da bunu xanım sürücülər edirlər. Məsələn, olur ki, xanım avtomobili idarə edir, yanında da bir bəy oturub. Elə siqnal verir ki, dərhal qorxudan panikaya düşürəm.

Velosipedi ona görə sevirəm ki, diqqət yalnız öz üzərimdə olur. Gərək kimsə məni görsün ki, sürməyimə yol versin.

Heydər Əliyev Mərkəzindən “28 May”a gedən yolda məni avtomobil vurdu. Düşündüm ki, indi avtomobil üstümdən keçəcək. Ayağım bərk əzilmişdi. Ətrafdakı insanlar mənə yardım göstərdilər, xəstəxanaya getdim.


İndi uzaq yerlərə getmirəm, “28 May”, “Beş mərtəbə” və “Azneft” ətrafında velosiped sürürəm. Məni velosipedlə görənlər elə bilir ki, əcnəbiyəm. Çünki bizim sürücülərimiz yolda mənim kimi gözəl xanımın velosiped idarə etməsini görməyiblər.

Avtomobil sürməyi bacarmıram. Ən yaxşısı və bacardığım velosiped və mopeddir. Bir azdan, bəlkə, mopedə keçdim. Düşünürəm.

- Pul həyatda hər şeyi həll edir?

- Pul həyatda heç nəyi həll etmir. Pul, sadəcə, gözə görünən şeyləri həll edir. Məsələn, gedib meşədə yaşasaq, yeməyi oradan əldə edə bilərik. Mən 3-4 ay ərzində anladım ki, yaxşı yaşamaq olar, amma var-dövlət üçün yaşamaq düzgün deyil. Ən gözəl və xoşbəxt yaşayış sadə yaşayışdır. İnsanın sadə evi, avtomobili, geyimi olanda xoşbəxt olur. Mənim xoşbəxtliyimə pul rəng qata bilməz.


MARAQLI / BANNER / KARUSEL
Tarix: 17-11-2019, 16:59