Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
Növbəti iki gün ərzində - 30-31 iyulda G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı artıb. Son sutka ərzində isə ardıcıl M7.7 və M9.9 sinifli alışmalar qeydə alınıb. Maksimal sinifli alışma 3765 regionunda qeydə alınan X1.57 sinifli alışma olub.Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. ünəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 189 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə doğru istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınıb.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 612 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (345 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.3 nT, radial istiqamətdə isə 3.1 nT təşkil edir.
Məlumatda bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olmuşdur. Gözlənilən TKA-ın təsiri nəticəsində isə 26 iyulda G1 (zəif) səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.
Proqnoz günlərində (29 iyul - 04 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30-31 iyul tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. Günəş küləyi – Ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuldadək yüksək olacağı proqnozlaşdırılır.
"Geomaqnit sahəsi – 27 iyulda baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir", - deyə məlumatda qeyd olunub.
MARAQLI / KARUSEL
Tarix: 29-07-2024, 14:52