mobil versiya

YARAT “METAKOD” adlı sərgi layihəsini təqdim edir


YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, müxtəlif nəsillərdən olan Azərbaycan rəssamlarının – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalov və “043” (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərlərindən ibarət “METAKOD” adlı sərgi layihəsini təqdim edir.
Bəşəriyyət, ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman ideyaları ötürmək üçün, müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini “verballaşdırıb”. İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərin “kodlaşdırmaq” üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.
Ən qədim artefaktların səthlərində yer alan mücərrəd ornamentlər, incəsənətdə “abstrakt dilin” hələ çox qədim zamanlarda meydana gəlmə faktını sübuta yetirir. “Abstrakt dilin” estetik konsepsiyası belə ehtimal edir ki, bədii yaradıcılıq, həqiqət və gerçəkliyin xarici, yabançı hadisələrinin arxasında gizlənmiş kainatın qanunauyğunluğunu əks etdirir. Rəssam tərəfindən şüurlu və ya intuitiv şəkildə başa düşülən bu qanunauyğunluqlar, mücərrəd formaların nisbəti ilə ifadə olunur ki, burada xətlərin keyfiyyəti, formalar, tənasüblər və rənglər, mənanı birbaşa, obrazın istifadəsinə zərurət olmadan ötürür. Modernizm və postmodernizm sənətində, vizual dilin ilkin elementləri ilə işləyən sənətkarlar ümumi və fundamental kompozisiya prinsiplərinə müraciət edir və mücərrəd yaradıcılıq, dünya nizamının universal modelinə çevrilir.
Artıq bir dəfə vizual dil yaratmış xalqın nəsilləri olaraq, onun bərpası, qədim mənaların məcmusunun yenidən qurulması və müasirlik kontekstində, ənənəvi biliklərin yenidən mənalandırılması yetərincə aktual görünür. Şərti olaraq “metakod” adlanan yeni estetik və dünya görüşlü paradiqmanın konseptuallaşdırılması, “meta” prefiksinin Latın “post” prefiksi ilə qismən üst-üstə düşməsi faktına rəğmən, tamamilə əlahiddə bir dialektik məna əldə edir.
Yarandığı gündən bəri, bəşəriyyət ətrafdakı cisimləri və təbiəti müşahidə və təsvir edir, təxəyyülün köməyi ilə təfsir edir və bununla da, tamamilə fərqli bir ölçü yaradır; bəzən qeyri-maddi anlayışları – emosiyaları, düşüncələri və dini təsəvvürləri vizuallaşdırır. Beləliklə, ibtidai insanların rəsmlərinin çoxmənalı ideoqramlarından (ideoqrafik nişanlarından) başlayaraq, Qobustan və Gəmiqaya qayalarında müşahidə edə biləcəyimiz müxtəlif sənət növlərinin təməl əsasları yarandı. Heykəltəraşlıqda “metakod”un təcəssümünün bariz nümunəsi, qədim türklərin daş plastikasıdır. Daş plastikası – öz simvolizmi və sxematikliyi ilə fərqlənən, məzarlıqlarda ucaldılan, Orxon yazı abidələri və müasir sənət tarixində “balballar” kimi tanınan, insan fiqurları şəklində şaquli heykəllərdir. Xalça sənətinin dili gerçəkliyin “kodlaşdırılması”, onun simvolik bir sistemə çevrilməsi prosesidir. Xalça – xalqın dünyagörüşü və vizual özünüifadə üsulunun işarələrində ifadə olunan məcmusudur.
Əsrlər boyu cilalanmış miniatür sənəti, öz realistikliyinə baxmayaraq, illüstrativ xarakterdən daha çox şifrələnmiş xarakter daşıyan vizual yazı olub. “Metakod” haqqında danışan zaman, Ərəb dilinin semantik çoxşaxəliliyini və onun əsasını təşkil edən xəttatlığı, ələlxüsus, onun İslam memarlığının bədii dizaynının vacib bir elementi kimi çıxış etməsini xatırlatmamaq mümkün deyil.
“METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların “gizli dili” qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.
Ekspozisiyanın əsasını yeni əsrin rəssamları ilə birgə dialoqda, “yenidənqurma” (“perestroyka”) dövrünün rəssamlarının əsərləri də daxildir. XX əsrin 80-90-cı illərində formaların ümumiləşdirilməsi və geometriziasiyası, fonsuz kompozisiyalara müraciət, müxtəlif teksturalarla təcrübə ilə rəssamlar öz layiqli yerlərini tapa bilmədilər. Onların əsərlərində Sovet məktəbinin fiqurativ-məcazi yanaşması, həndəsəyə əsaslanan abstrakt ilə əvəzləndi. Yeni nəsil rəssamların yaradıcılığında mədəni kodların, bəzi mücərrəd subliminal “mesajların” təzahürləri, milli kimlik, fəlsəfə, tarix və siyasətlə ayrılmaz bir əlaqə qurmaqla yanaşı, eyni zamanda, texnologiyalar dilində vizuallaşdırma əldə edir.
Sərginin kuratorları: Fərəh Ələkbərli, Şirin Məlikova, Sabina Şıxlinskaya.
Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyalarından əsərlər daxil edilib.
Sərginin açılış gününün paralel proqramı (7 dekabr, 2022):
20:00 – Bəstəkar Qleb Andrianovun simli kvartet ilə birgə multimedia performansı
İfaçılar: Aleksey Miltıx (violonçel), Ceyla Seyidova (skripka), Vaxtanq İmanov (alt), Aqşin Göyüşov (kontrabas)
Performansın rejissoru: Nata Andrianova
Media rəssamları: Pyotr Elgisser, Aleksandr Slavin, Vadim Tumanov, Vladislav Kravçenko
Performer: Həsən Haqverdiyev
Qeyri-vizual incəsənət də daxil olmaqla, müxtəlif incəsənətin qavranılmasının mərkəzində obrazlar dayanır. Kinematoqrafiya musiqisi (ing. “Cinematic music”) kifayət qədər obrazlıdır. Burada hər bir kompozisiya tamaşaçının öz təxəyyülündə canlandırdığı kiçik bir filmdir. Və hər kəsin öz filmi var...
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi haqqında
Heydər Əliyev Fondu tərəfindən yaradılmış XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin açılışı 2015-ci ilin iyun ayında baş tutub. 2018-ci ildə muzey YARAT Müasir İncəsənət Məkanının tabeçiliyinə verilmişdir. Bu günə qədər muzeydə görkəmli Azərbaycan rəssamlarının fərdi və qrup sərgiləri keçirilmişdir: “Əmək, istirahət və xəyallar” (2018), “Əşrəf Murad: Sevgi və etiraz” (2019), “Danışır Bakı: 1900-1940-cı illər”(oktyabr 2019 – aprel 2020), “Öz adanı kəşf et” (dekabr 2020 – oktyabr 2021), “Mir Nadir Zeynalov: Mistik ruhun ömrü” (noyabr 2021 – aprel 2022), “Ucal Haqverdiyev: Mövcudluqda ünsiyyət” (may – oktyabr 2022) adlı sərgilər keçirilmişdir.
Sərgilərlə yanaşı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüş və diskussiyalar keçirilir. Tanınmış rəssamların rəhbərliyi altında həm uşaqlar (“Little YARAT”), həm də böyüklər (“Özünü kəşf et”) üçün keçirilən ustad dərsləri, iştirakçılara öz yaradıcılıq potensiallarını üzə çıxarmağa və təsviri incəsənətin əsaslarını mənimsəməyə kömək edir. Muzeyin zallarında isə klassikadan roka qədər ən müxtəlif janrlar və istiqamətlərdə musiqi tədbirləri keçirilir.
Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
2015-ci ilin oktyabrında, YARAT, Bakıda, İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
Sərgi: “METAKOD” qrup sərgisi
Sərginin tarixləri: 7 dekabr, 2022 – 30 aprel, 2023
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00

MƏDƏNİYYƏT
Tarix: 7-12-2022, 19:03