mobil versiya

Sağlam olmaq üçün gündə bu qədər addım atmaq lazımdır



Uzun müddət hesab olunurdu ki, sağlam olmaq üçün gündə 10000 addım yerimək lazımdır. Lakin yeni araşdırmaya əsasən, sağlamlığı möhkəmləndirmək üçün hətta 5000-dən də az addım kifayət edir.

Dünya boyu 226000-dən çox insan üzərində aparılmış müşahidələr göstərib ki, hər hansı bir səbəb üzündən erkən ölüm riskini azaltmaq üçün 4000 addım da kifayət edir. Ürək və qan damarlarının fəaliyyətini yaxşılaşdırmaq üçün cəmi 2300-dən bir qədər çox addım etmək tələb olunur.

Tədqiqatçılara görə, nə qədər çox addım edilərsə, bir o qədər də çox sağlamlıq üçün fayda ola bilər. İddia olunduğuna görə, 4000 addımdan sonra əlavə hər 1000 addım erkən ölüm riskini azaldır, 20000 addıma çatdıqda isə erkən ölüm riski orta hesabla 15 faizədək azala bilər.

Polşanın Lodz Tibb Universiteti və ABŞ-ın Con Hopkins Universiteti Tibb Fakültəsindən olan elmi qrupun müəyyən etdiyinə görə, yeriməyin faydası insanın harada yaşamasından, cinsindən və yaşından asılı olmayaraq hamıya aiddir.

Bununla belə, qeyd olunub ki, bu cür gəzinti növünün faydasını əsasən, yaşı 60-dan aşağı olanlar daha çox hiss edirlər.

Lodz universitetindən professor Maciej Banaş qeyd edib ki, müalicə üçün nəzərdə tutulan müasir dərmanların sayı artsa da, onların yeganə müalicə yolu deyil. “Təhlilimizdən irəli gələn əsas nəticə odur ki, pəhriz və idman da daxil olmaqla həyat tərzinin dəyişməsi ən azı ürək-damar xəstəliklərinin riskini azaltmaqda və ömrü uzatmaqda təsirli ola bilər”, – deyə professor deyib.

Dükana avtomobildə yox, piyada getmək və ya avtobusdan bir neçə dayanacaq erkən düşmək fərq yaratmaq üçün kifayətdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tələb olunduğundan aşağı fiziki fəallıq hər il 3,2 milyon insanın ölümünə səbəb olur. Bu isə dünyada dördüncü ən çox rast gəlinən səbəbdir.

“Barry’s” beynəlxalq fitness şirkətinin məşqçisi və təlimatçısı xanım Honey Fine diqqəti çox oturmaqdan yaranan problemlərə çəkir. “Bu, maddələr mübadiləsini və əzələlərin inkişafını və güc toplamasını əngəlləyir, bu da ağrılara səbəb ola bilər”, – təlimatçı BBC-yə deyib.

“Çox oturmaq bel ağrılarına səbəb ola bilər. Biz bunu ofis işi olan insanlarda tez-tez görürük, onların kürəyinin daim gərgin vəziyyətdə olması, sonrakı həyatda daha çox problemə səbəb olur.”

Honey Fine, fiziki fəallıq olmadan termogenezinin əhəmiyyətini izah edir. Bu prosesə “Neat” də deyilir: “sadə dillə, bu, enerjinin sərf edilməsi və kalorinin yandırılması deməkdir”.

“Ayaq üstə durmaq, bazarlıq edib alınan ərzağı evə aparmaq, döşəmələri yumaq, gəzişmək, telefonla danışarkən var-gəl etmək – bütün bunlar bizi daha aktiv edən kiçik şeylərdir və kaloriləri daha səmərəli yandırmağa kömək edir”, təlimatçı xanım qeyd edib.

Xanım Fine deyir ki, müntəzəm gəzintilər etmək asan iş olmasa da, sağlamlıq üçün böyük faydası olur.

“Gəzinti qan təzyiqinizi aşağı sala bilər, sümüklərinizi qorumaq üçün əzələləri gücləndirə bilər, enerjinizi artıra bilər, həmçinin endorfin həcmini artıra və sağlam qidalanma ilə yanaşı sağlam çəki saxlamağa kömək edə bilər”, – Honey Fine bildirir.

Digər faydalar arasında psixi sağlamlığın möhkəmlənməsini və elektron həcətlərdən istifadəyə ara verməyi də qeyd etmək olar. Təlimatçının sözlərinə görə, gəzinti “demək olar ki, hər kəs” üçün uyğundur, çünki əzələlərə və oynaqlara düşən yük yüngül olur.

Təlimatçı-məşqçinin gəzinti üçün məsləhətləri:

  • Avtobus və ya avtomobillə hərəkət etməkdənsə piyada gedin
  • Ofisdə işləyirsinizsə, hər saatdan bir ayağa qalxıb gəzişin
  • Hamilə qadınlar üçün ən yaxşı idman gəzintidir
  • Hər gün 30 dəqiqəlik gəzintiyə çıxın
  • Dostlarınızla parkda və ya meşə cığırlarında gəzin
  • Kiçik gəzintidən başlayın – əvvəlcə 10 dəqiqəlik piyada gəzintisindən başlayın, sonra onu 20 və daha sonra isə 30 dəqiqəlik gəzintiyə çatdırın.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-08-2023, 16:21