İcbari tibbi sığorta ilə bağlı VACİB XƏBƏR - VİDEO
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunmasına 5-10 il vaxt sərf olunan İcbari Tibbi Sığorta sisteminin Azərbaycanda gələn il mərhələli tətbiqi təklif edilib.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi sistemin mərhələli tətbiqinin vətəndaşlar üçün daha faydalı və effektiv olacağını açıqlayıb. Yanvar ayının 1-dən prosesə şimal bölgəsini əhatə edən 20 rayonda start veriləcək. Ən son isə yeni sığorta növü Bakı, Sumqayıt və Abşeron rayonlarında tətbiq ediləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın mərhələli şəkildə ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib. Təkliflərdə icbari tibbi sığortanın ölkə üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinin departament direktoru Vüqar Qurbanov bildirir ki, prosesə hər mərhələdə 20-yə yaxın rayon qoşulacaq.
qurumun rəsmisiicbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinin səbəblərini də açıqlayıb. bildirib ki bununla regionlarda yaşayan əhalinin ehtiyacları daha çox nəzərə alına biləcək və yerlərdəki tibb müəssisələrinin maddi texniki bazasının daha da gücləndirilməsi mümkün olacaq.
Prosesin nə qədər geniş olduğunu izah etmək üçün təkcə onu demək kifayət edər ki, icbari tibbi sığorta üçün 3000-dən çox tibb müəssisəsini hərtərəfli hazırlamaq lazımdır ki, bunların da 438-i xəstəxanadır. Xəstəxanalarda bütün sistem dəyişəcəyindən tibbi personalın yeni proqram təminatı eləcə də yeni metodlara öyrəşməsi üçün də kifayət qədər zamana ehtiyac var. Vüqar Qurbanov bildirir ki, ilin əvvəlindən icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonlarda başlanan hazırlıqlar demək olar yekunlaşmaq üzrədir.
Vüqar Qurbanov şimal bölgəsində yaşayan vətəndaşları tibb müəssisələrinə yaxınlaşarkən şəxsiyyət vəsiqəsindən istifadə etməyə çağırıb. Onun sözlərinə görə bir müddət sonra şəxsiyyət vəsiqəsi olmadan tibbi xidmət almaq mümkün olmayacaq. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin maaşları yüksələcəyindən özəl klinikalarda çalışan təcrübəli həkimlərin böyük bir qismi də dövlət xəstəxanalarına qayıdacaq. Bu isə vətəndaşlara daha yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinə səbəb olacaq.
Onu da qeyd edək ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi xidmətlər zərfi hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
SAĞLAMLIQ / KARUSEL / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 27-11-2019, 10:00