mobil versiya

Hipertoniya yalnız ürəyə deyil, həm də böyrəklərə və beynə təsir göstərir




Hipertoniya və ya yüksək qan təzyiqi geniş yayılmış xroniki xəstəliklərdən biridir. Adətən simptomlar vermədən irəliləyən bu vəziyyət, müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə, o cümlədən infarkt və insult kimi həyati təhlükəli vəziyyətlərə yol aça bilər. 

Reportyor.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.

Hipertoniya zamanı qan damarlarında davamlı olaraq yüksək təzyiq yaranır və bu, ürək-damar sisteminə böyük ziyan vurur.

Kliniki Tibbi Mərkəzin həkim-terpaevti Jalə İbrahimovanın sözlərinə görə, hipertoniyanın əsas səbəbləri arasında genetik meyillilik, balanssız qidalanma, artıq çəki və stress yer alır. Duzlu qidalardan çox istifadə, fiziki aktivliyin azlığı və siqaret çəkmək kimi vərdişlər də xəstəliyin inkişafını sürətləndirir:
“Hipertoniya yalnız qan təzyiqinin müntəzəm ölçülməsi ilə müəyyən edilə bilər. Terapevt olaraq, xəstələrə həyat tərzi dəyişiklikləri, o cümlədən duz istifadəsinin məhdudlaşdırılması, fiziki aktivliyin artırılması və sağlam qidalanma tövsiyə edirəm. Qan təzyiqi çox yüksəkdirsə, əlavə olaraq dərman müalicəsi də təyin olunur. Diaqnozun zamanında verilməsi və düzgün müalicə ilə hipertoniyanın ağırlaşmalarının qarşısını almaq mümkündür”.

Sabunçu Tibb Mərkəzinin Kardiologiya şöbəsinin müdiri, həkim kardioloq Ülviyyə Kərimzadə isə bildirir ki, bu xəstəlik ürəyin və damarların səssizcə zədələnməsinə səbəb olan əsas risk faktorlarından biridir. Xəstəlik uzun müddət simptomsuz irəlilədiyi üçün adətən ciddi fəsadlar yaranana qədər müəyyən edilmir. Hipertoniya zamanı ürək daha yüksək təzyiqə qarşı işləməyə məcbur qalır, bu da ürək divarlarının qalınlaşması və nəticədə ürək çatışmazlığı riskini artırır:
“Siqaret çəkmək, artıq çəki, genetik meyillilik və yaş hipertoniya riskini artıran əsas amillərdir. Hipertoniya yalnız ürəyə deyil, həm də böyrəklərə və beynə təsir göstərərək insult, böyrək çatışmazlığı və damar anevrizması kimi problemlərə səbəb ola bilər”.
Hipertoniya ilə mübarizədə qan təzyiqinin müntəzəm olaraq izlənməsi və müalicə planına əməl olunması vacibdir. O cümlədən balanslı qidalanma, müntəzəm idman və stressin idarə edilməsi kimi tədbirlər tövsiyə edilir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 11:23