mobil versiya

Sağlam qidalanmamaq gənc yaşda ürək-damar xəstəliklərinə səbəb ola bilər



Mütəxəssislər bildirirlər ki, gənc yaşlarda ürək-damar xəstəliklərinin yaranmasında sağlam qidalanmamağın təsiri böyükdür.


Anadolu Agentliyi xəbər verir ki, Bursa Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının kardiyologiya mütəxəssisi, dosent Erhan Tenekecioğlu mövzu barədə əhəmiyyətli məlumatlar açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, sağlam qidalanma və aktiv həyat önəmlidir: “Son illərdə ürək-damar xəstəliklərində ciddi artım var. Bunun səbəbləri arasında texnologiyanın inkişafı ilə əlaqədar insanların hərəkətliliyinin azalması, sağlam qidalanmanın ciddi şəkildə pozulması, genetik faktorlar və s. yer alır. Ürək-damar xəstəliklərinin ortaya çıxmasında qidalanma pozğunluqları əsas faktordur. Ucuz yağlardan istifadənin artması, emal olunmuş qida istehlakının artması və xüsusilə gənclər arasında “fast food” tərzi qidalanmanın yayılması həmin yaşlarda ürək-damar xəstəliklərinin yaranmasında ciddi faktorlardır. Bundan başqa, bəzən lift əvəzinə pilləkənlərdən istifadə etmək daha faydalıdır. Oturaq həyat maddələr mübadiləsini yavaşladır və bədəndə yağ yığılmasına səbəb olur. Gündəlik həyatda aktivliyin artırılması əhəmiyyətli olardı”.
Siciliyada aparılan bir araşdırmada insanların 100 yaşını necə keçdiyi tədqiq edilib. Burada insanlar daim hərəkətdədirlər və bu, onların maddələr mübadiləsini sürətləndirir, həmçinin damarların sağlamlığını yaxşılaşdıran xolesterolu da artırır. Belə vərdişlər onlara müsbət təsir göstərir. Stres də ürək sağlamlığında mühüm bir faktordur. Mümkün qədər stresli mühitlərdən uzaq durmaq lazımdır.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-10-2024, 09:07