mobil versiya

Qastroenteroloq: "İftar zamanı oruc mütləq bir stəkan ilıq su və xurma ilə açılmalıdır"



Ramazan ayında oruc tutan şəxs düzgün qidalanmağa diqqət etməlidir ki, oruc müddətini enerjisi azalmadan, sağlamlıq problemləri yaşanmadan günü və rahat keçirə bilsin.

Reportyor.az Səhiyyə Nazirliyinin mətbuat xidmətində istinadla xəbər verir ki, bu fikirləri qastroenteroloq Hicran Qurbanova deyib.

Onun sözlərinə görə, imsak vaxtı mümkün qədər bol maye qəbul edilməlidir: “Mayenin temperaturu nə qaynar, nə də çox soyuq olmamalıdır. Məsləhətdir ki, xurma və digər quru meyvələrdən istifadə olunsun. Südlü yeməklər, yumurta, duzsuz pendir, şor, qaymaq, bal, duzu və şəkəri az olan un məmulatları istifadə edilə bilər. İmsak vaxtı çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidalara üstünlük verilməsi tövsiyə olunur. Bu qidalar uzun müddətli enerjili və tox qalmanı təmin edəcək. Yumurtalar, süd, pendir kimi zülallı qidalar yemək bədəni uzun müddət enerjili saxlayır. Zülallar, həmçinin əzələ kütləsinin qorunmasına kömək edir. Vitamin və mineral balansını təmin etmək üçün təzə tərəvəzlər, salatlar və meyvələrdən istifadə etmək önəmlidir. Lifli qidalar mədənin tox qalmasına kömək edəcək”.
Qastroenteroloq bildirib ki, iftar zamanı oruc mütləq bir stəkan ilıq su və xurma ilə açılmalıdır: “Daha sonra sulu yemək yeyilməlidir. Əsas yeməyə təqribən 20-25 dəqiqə sonra keçilməsi məsləhətlidir. Əsas yemək kimi çox acılı, duzlu, bol ədviyyatlı, souslu, çox qızardılmış və çox yağlı yeməklər məsləhət görülmür. Nisbətən tutumlu və kalorili yeməklər daha faydalıdır. Daha çox tərəvəzli yeməklər, qatıq, mövsümə uyğun meyvə tövsiyə edilir. Şirniyyat və çay isə iftardan 2 saat sonra məsləhət görülür. Xüsusən bitki çaylarını quru meyvələrlə içilməsi daha xeyirlidir”.
H.Qurbanova oruc tutmağın orqanizm üçün çox faydalı olduğuna diqqət çəksə də, bildirib ki, sağlamlığında problemlər olan insanların oruc tutmağı onların xəstəliyinin ağırlaşmasına səbəb ola bilər. “Əslində, oruc tuta bilməyən insanlar bu baxımdan iki qrupa bölünür. Birinci qrupa, ümumiyyətlə, əks göstəriş hesab olunur. İkinci qrup isə, oruc tutmağa başlayar, lakin gedişatdan asılı olaraq və həkim məsləhəti ilə orucu pozmağa məcbur olurlar. Xüsusilə, insulindən asılı olan şəkər xəstələri üçün oruc tutmaq risklidir. Onlarda qəfildən qanda şəkərin miqdarı dəyişə bilər. Bu səbəbdən orucu pozmağa məcbur ola bilərlər. Mədə xəstəlikləri, qanaxma ilə müşahidə olunan mədə yaraları olan insanlar daim dərman, qida qəbul etməlidir. Belə xəstələrə də oruc tutmaq məsləhət görülmür. Allergik xəstələr və fiziki cəhətdən çox zəif insanlar üçün də oruc tutmaq risklidir. Əməliyyatdan çıxmış, yataq xəstəsi olan insanlara tamamilə əks göstərişdir”, - deyə o əlavə edib.
Qastroenteroloq qeyd edib ki, hamilə və süd verən qadınlara oruc tutmaq olmaz: “Hamilə qadınlar tam qidalanmayanda uşaq da qidalanmır. Buna görə, onlar günboyu qidalanmalıdırlar. Süd verən analar, mədə xorası olanlar, kəskin qastriti olan şəxslər, böyrək çatışmazlığından əziyyət çəkənlər, 12 barmaq bağırsağ xorası olanlar, birinci tip diabetik xəstələr, xoralı kolit və kron xəstəliyi, ürəyin işemik xəstəliyi olanlar, azyaşlı uşaqlar, psixoloji olaraq özünü narahat hiss edən şəxslərə də Ramazan ayı boyunca oruc tutmaq tövsiyə olunmur”.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 11:07