mobil versiya

Axmaqlığın Everest nöqtəsi və 1,8 milyon dollarlıq ayaqqabı....




60-65 dollarlıq geyilmiş ayaqqabı, sizcə, tərtəmiz yuyulub təmizləndikdən sonra neçəyə satıla bilər? Qəliz işdir. Normalda onu 15-20 dollara kiməsə sırıya bilənə fərasətli adam deyərlər.

Ancaq təsəvvür edin, ABŞ-da geyilmiş idman ayaqqabısının üstündə qırğın gedib, axırda özünü şanslı-bəxtəvər sayanın biri ona 1,8 milyon dollar sayıb.

Əslində isə o adam bu qədər pula 27 min 700 cüt ayaqqabı ala bilərdi. Bu bir ordunu çəkmə ilə təmin etmək deməkdir.

Özü də həmin adam o ayaqqabıları geymək üçün almayıb, Nadir şahın Hindistandan qənimət götürdüyü, hazırda Londonda kral muzeyində saxlanılan “Kuhi-nur” almazı kimi şüşə arxasında saxlayıb öyünmək üçün alıb.

Bəs bu geyilmiş idman ayaqqabısı nədən belə matah olub? Bəlkə qızıl-brilyant işləmələrlə düzəldilib? Elə şey yoxdur.

Sadəcə, bu ayaqqabı amerikalı reper Kanye Uestə məxsusdur. Uest ilk dəfə bu ayaqqabı ilə 2008-ci ildə “Grammy” mükafatının təqdimetmə mərasimində səhnəyə çıxıb. Vəssalam.

Hətta ola bilər ki, o ayaqqabını alıb ayağına geyən şəxsin ayaq barmaqlarında göbələk əmələ gələr.

İndi siz işə baxın, adi bir reperin geydiyi köhnə ayaqqabıları tapıb satışa çıxaran adamlar bir günün içində milyonçu olurlar.

Bunun adı nədir? Heç bir elm buna hələ düz-əməlli ad qoya, hərəkətin elmi tərifini verə bilməyib.

Buna, sadəcə, dəlilik demək olar. Bir repçinin ayaqqabısı və ya hansısa əşyası niyə o qiymətə satılsın ki?

Dünyada ən bahalı ayaqlar Pele və Merilin Monroya məxsus olub, amma onların ayaqqabılarına da bu qədər qiymət qoyan olmayıb. Ancaq güman etmək olar ki, bir neçə ildən sonra Maradonanın butsularına, Şakiranın çəkələklərinə daha çox pul verən olacaq. Stalinin qəlyanı, Çörçillin siqarının kötüyü də babat pula gedər, əl-əlbət.

Varlıların bu kimi, dəliliyə oxşayan qəribəlikləri əvvəllər də çox olub, həmişə olacaq.

Bir də görürsən, xəbər gəlir: “Qogenin filan əsəri 6 milyon dollara satıldı; ”Van Qoqun məşhur əsərinə hərracda 7 milyon dollar qiymət qoyuldu"; “Maleviçin ”Qara kvadrat" əsəri qiymətsiz elan edildi" və s.

Adam mat qalır. Əgər Qogenin əsəri gerçəkdən 6 milyona dəyərdisə, buna niyə sağlığında 6 dollar vermirdilər və yazıq rəssam o cür şedevrləri Taitidə hamam kisəsi boyda olan tütün torbaları müqabilində gəmi kapitanlarına verirdi? Hələ Allah bilir, kapitanların heç o əsərlərə ehtiyacı yox imiş, kasıb rəssama yazıqları gəldiyi üçün alırmışlar. İndi o əsərlərdən birinin puluyla gəmi almaq olar - ən azı yaxta.

Yaxşı, o biri əsərləri başa düşdük, nəyisə ifadə edirlər, nadir əsərlərdir, bəs Maleviçin “Qara kvadrat”ı nədir? İstənilən adam bir az qara boya və ağ kətan götürüb ondan yenisini çələ bilər.

Yox, ola bilsin ki, bu artdır və biz onun incəliklərini, əsrarəngizliklərini başa düşmürük, anlayanlar “Qara kvadrat”a təfsir versinlər, rəssamın tamaşaçıya nə çatdırmaq istədiyini anlatsınlar. Necə ki, “Mona Liza”nın izahına qalın-qalın kitablar həsr olunub.

Bəs başqa rəssamlar götürüb qırmızı, sarı, narıncı, mavi kvadratlar çəksələr, onlar da şedevr sayılacaq?

Ərəb şeyxzadələrinin cip markalı avtomobilə 200 min, onun qoşa rəqəmli nömrələrinə (555, 777, 888, 999 ) 2 milyon dollar verdiklərinə lağ edənlərin ölkəsində bir ayaqqabıya 1,8 milyon dollar verilməsi, yəqin ki, zəmanənin ironiyasıdır.

Bizimkilərin adi qol saatına 1 milyon dollar, iki cüt köynəyə 30 min manat, bir qədəh şəraba 3 min funt-sterlinq verdiklərinə, istanbullu qadın müğənniyə 20 min dollarlıq çanta bağışladıqlarına baxmayın, biz geyilmiş ayaqqabıya o qədər pul vermərik. Biz ən məşhur adamın ən bahalı avtomobilinin qiymətini “öldürüb” alan camaatıq.

Kim nə deyir, desin, bu, sovet ideoloqlarının sözü olmasın, mənfur kapitalist dünyasının eybəcərliklərindən biridir. Dünyada milyonlarla insanın ac yatdığı, yüz minlərlə uşağın vaksin vurdura bilmədiyi, ayaqyalın gəzdiyi bir dünyada bir repçinin ayaqqabısına 1,8 milyon vermək qudurğanlığın və axmaqlığın Everest nöqtəsidir.

P.S. İndiyə qədər ən baha satılan idman ayaqqabısı isə basketbolçu Maykl Cordana məxsus imiş - kələnin ayaqqabısı Nyu-Yorkda keçirilən hərracda 560 min dollara satılıbmış.

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 29-04-2021, 10:54