mobil versiya

DYP-dən sürücülərə XÜSUSİ XƏBƏRDARLIQ




“Aparılan müşahidələr zamanı baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur”.

REPORTYOR.AZ xəbər verir ki, bunu "report"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir:

“Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə bu, inzibati məsuliyyət yaradır. Cəriməsi isə 50 manatdır”.

“Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o vurğulayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-10-2021, 11:30