mobil versiya

Mətbuat Şurası: "BAKU.TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkət yolverilməzdir"



Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən BAKU.TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.

Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilir. 

Bəyanatda həmçinin deyilir ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır.

"Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası BAKU.TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.

Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün BAKU.TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir.

Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-12-2021, 13:00