mobil versiya

Rusiyalı komandan bakılı kəşfiyyatçının məzarını ziyarət edib



Rusiyanın Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Nikolay Yevmenov Yaponiyaya səfəri zamanı sovet kəşfiyyatçısı Rixard Zorgenin bu ölkədəki məzarını ziyarət edib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "report" TASS-a istinadən məlumat yayıb. 

"Rusiyanın Hərbi Dəniz Donanmasının Baş komandanı, admiral Nikolay Yevmenov Yaponiyaya işçi səfərin gedişatında əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin məzarı önünə güllər qoyub. Onun məzarı Tokiodakı "Tama" qəbiristanlığındadır. Mərasimdə Rusiya Federasiyasının Yaponiyadakı Səfirliyi yanındakı müdafiə məsələləri üzrə attaşesi Sergey Şaşkov və Rusiya hərbi nümayəndə heyətinin üzvləri iştirak edib", - deyə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinin nümayəndəsi İqor Dıqalo bildirib.

Qeyd edilir ki, Yevmenov Yaponiyaya səfərinin gedişatında həmçinin Rusiya ilə Yaponiya arasında hərbi dəniz əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini müzakirə etməyi, həmçinin bu ölkənin Müdafiə Nazirliyinin və Yaponiyanın hərbi dəniz qüvvələrinin rəhbərliyi ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Admiral Yevmenov eləcə də Yokosukadakı hərbi dəniz bazasının qərargahına baş çəkəcək, yapon gəmilərinin heyəti ilə tanış olacaq.

Bu, son 18 il ərzində ilk belə səfərdir. Səfər haqqında razılıq iki ölkənin Xarici İşlər nazirlikləri başçılarının Tokiodakı "2+2" formatında, Rusiyanın və Yaponiyanın Müdafiə nazirliklərinin maydakı danışıqlarının nəticəsinə əsasən əldə olunub.

Xatırladaq ki, Rixard Zorge 1886-cı ildə Bakının Sabunçu qəsəbəsində anadan olub. O, Hitler Almaniyasının SSRİ-yə dəqiq hücumu barədə ilk məlumat verən kəşfiyyatçı olub. SSRİ-yə Yaponiyadan səhih kəşfiyyat məlumatları göndərən Zorge 1941-ci ildə həbs edilib. Yaponiya SSRİ-yə Zorgeni bir sıra siyasi məhbuslarla dəyişməyi təklif etsə də, İosif Stalin buna razılıq verməyib. 1943-cü ildə onun barəsində ölüm hökmü çıxarılıb. Hökm 1 il sonra, noyabrda icra olunub.

Yalnız 1964-cü ildə SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşşov onu Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif edib.




SON XƏBƏR / KARUSEL
Tarix: 25-11-2019, 10:35