Bəhram Bağırzadənin durumu ilə bağlı ziddiyyət: proses nə vəd edir?
Koronavirus xəstəliyindən müalicə alan əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı ictimaiyyətdə dünəndən etibarən müzakirələr səngimir. Tibb sahəsinə aid mütəxəssislərin bir qismi hesab edirlər ki, indiki situasiyada Bəhram Bağırzadəyə mütləq ağ ciyər transplantasiyası həyata keçirilməlidir. Lakin bunun əksini düşünüb, Bağırzadənin EKMO aparatı altında sağalacağını düşünənlər də az deyil.
Hətta ictimaiyyətdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan, bunu PR adlandıranlar da var. Lakin rəsmi açıqlamalarla yanaşı əməkdar artistin yaxın çevrəsində olan şəxslərin məlumata verdikləri məlumatlar, vəziyyətin nə qədər ciddi olduğunu göstərir...
Ağ ciyər transplantasiyasının vacib olduğunu düşünən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bu fikri Musavat.com-a açıqlamasında bir daha əsaslandırıb. Ədalət Rüstəm aşağıdakıları söyləyib:
“Hazırdakı müzakirə edilən məsələlərdən biri Bəhramın indiki halda xaricə aparılması ilə bağlıdır. Əlbəttə ki, mən də onun xaricə aparılmasının qəti əleyhinəyəm və bunun zərərli olacağını düşünürəm. Heç müalicə aldığı xəstəxanada da bu barədə qərar yoxdur. Səbəblərdən biri odur ki, xarici ölkələrin vətəndaşlarından və meyitlərindən orqan götürülməsi, əcnəbi vətəndaşa (Azərbaycan) köçürülməsi yasaqdır. Əgər xaricə aparmaq qərarı verilərsə, o zaman Bəhramla yanaşı donor qismində uyğunluğu müəyyən edilmiş azı 3-4, ola bilər ki, 10-a qədər canlı donoru da xaricə aparmaq lazımdır. Bu isə reallıqdan uzaqdır. İkincisi, kimyəvi pnevmonit iltihab prosesi deyil, pnevmoniya (sətəlcəm) deyil, geridönməz prosesdir. 90%-i kimyəvi zədələnmiş və “Sars-Cov-2” ilə ifrat yüklənmiş ağciyərlərin bərpası mümkün deyil və hər 2 ağciyər virus generatoru, virus anbarı, virus paylayıcısı olduğu üçün dərhal orqanizmdən çıxarılmalı və kənarlaşdırılmalıdır. Elm, bugün bunu deyir. Təəssüf ki, digər yolların perspektivini görmürəm”.
Koronavirusa hələ də inanmayanlara, bu işi də oyun adlandıranlara həkim bildirib ki, onların xəstəxanalara baş çəkməkləri kifayətdir: “Bu gün reanimasiyalarda yer yoxdur və vəziyyət kifayət qədər ciddidir. Artıq təkcə Bəhram deyil, yaxın ətrafımızda digər tanıdıqlarımız da var ki, onlar koronavirusa yoluxublar. Təəssüf ki, bu tendensiya artmaqda davam edir”.
Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov da deyib ki, onun vəziyyəti hazırda stabildir.
R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib:
"Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq", - deyə R. Mahmudov qeyd edib.
O, bununla belə, əməkdar artistin kritik ağır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.
R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.
Bildirək ki, dünən (14 iyun) yayılan məlumata görə, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 15-06-2020, 13:46