"Nəcməddin Sadıkov Tovuz döyüşlərindən sonra istefaya göndərilməliydi"
“Sadıkov ana dilimizi bilməsə də, ailəyə yönəlik təhqirlərin heç zaman bağışlanmadığını bilməmiş olmaz”
Bir neçə gündür ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan Ordusu ilə Türkiyə Silalı Qüvvələrinin birgə təlimləri zamanı hər kəsi təhqir etməsi barədə məlumatlar yayılır.
Müdafiə Nazirliyi (MN) isə dünən bu xəbərləri yalanladı. Nazirlikdən bildirildi ki, bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.
Ancaq nədənsə əksəriyyət rəsmi qurumun açıqlamasına yox, qeyri-rəsmi məlumata inanmağa üstünlük verir. Yəni cəmiyyətin əksər hissəsinin, xüsusən də Tovuzda baş verən son hadisələrdən sonra Baş Qərargah rəisinə inamı itib. Həm Azərbaycan cəmiyyətində, həm də Azərbaycan ordusunda N.Sadıkova münasibət birmənalı deyil. Daha dəqiq desək, onu sevməyənlər, qəbul etməyənlər tərəfdarlarından min dəfələrlə çoxdur.
Dominant.az tanınmış jurnalist Aygün Muradxanlı ilə bu inanmsızlığın, nifrətin səbəblərini araşdırmağa çalışıb.
Aygün Muradxanlının sözlərinə görə, Nəcməddin Sadıkovun fəaliyyətinə bələd olan hər kəsə aydındır ki, o, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın genişlənməsinin tərəfdarı deyil: “Bununla belə, onun fikirlərini açıq və iddia edildiyi kimi kobud ifadə etməsi inandırıcı görünmür. Nəcməddin Sadıkovun səlahiyyətləri, eləcə də imkanları geniş olsa da, ünvanlı kütləvi təhqirə qol qoyacaq qədər “müvazinətini” itirməz. Bura Rusiya deyil ki, ana söyüşü sıradan “əzizləmə” sayılsın. Sadıkov ana dilimizi bilməsə də, ailəyə, qadına yönəlik təhqirlərin heç zaman bağışlanmadığını bilməmiş olmaz”.
Həmsöhbətimiz düşünür ki, ictimai fikirdə özünə bunca mənfi imic qazanmış bir hərbçinin ərazisi işğal altında olan ölkədə Baş Qərargah rəisi kimi önəmli postda saxlanması anlaşılan deyil: “Hərbi uğuru desək, yoxdur, orduda hörməti desək, yoxdur. 30 ilə yaxın bu qədər önəmli post tutmasına baxmayaraq, dövlət dilini öyrənməyib, ana dilimizdə düşmən ləhcəsində danışması ciddi qıcıq yaradır. Kimlərsə onun professionallığını vəzifədə saxlanmasının əsas səbəbi kimi göstərir, amma anlaşılan deyil ki, 27 ildə Sadıkov nədən bu bacarığını Azərbaycanın xeyrinə bir dəfə də olsun işlətməyib?”
Jurnalistin fikrincə, Azərbaycan hakimiyyətinin vitrinində baş verən dəyişikliklər Silahlı Qüvvələrin Baş Qərargahında da kadr islahatlarının vacibliyini ortaya çıxarır: “Nəcməddin Sadıkovun iyul ayında baş verən Tovuz döyüşlərindən sonra artıq istefaya göndərilməliydi. Çünki Qarabağ savaşı tarixində ilk dəfə general rütbəsində olan şəxs döyüş meydanında şəhid olub və bu fakt ətrafında çox ciddi suallar qalmaqdadır”.
“Bu gün Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri deyil, ancaq Azərbaycan “yerindədir”. Ona görə də Nəcməddin Sadıkov, ya da başqa “otuzillik” məmurun vəzifədən uzaqlaşdırılmasının faciələrə səbəb olacağını düşünməyə heç bir əsas yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Baş Qərargah rəisi vəzifəsinə layiq vətənpərvər, Azərbaycan dövlətinə bağlı, çağdaş hərb sənətinə vaqif çox sayda hərbçi var. Ümid edirəm ki, Azərbaycan vətəndaşları nəhayət xarici işlər nazirinin danışığını anladığı kimi, bir gün Baş Qərargah rəisinin dediklərini də başa düşəcəklər”, - deyə müsahibimiz vurğulayıb.
Qeyd edək ki, iddialara görə, bir həftə əvvəl Müdafiə Nazirliyində keçirilən əməliyyat müşavirəsi zamanı Nəcməddin Sadıkov üzünü müşavirə iştirakçılarına tutaraq, "Türklərin gəlməsinə nə çox sevinirsiz, bəlkə arvadlarınızı da aparıb onlara verəsiniz", - deyib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-08-2020, 21:35