Naxçıvanda yenidən hərbi təlimlər başladı – Türkiyə generalları bölgədə
Türkiyənin 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib.
3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay Naxçıvanda olmaqdan böyük qürur hissi keçirdiklərini bildirib. Ötən illərdə keçirilən birgə hərbi təlimlərdə iştirakını məmnunluqla xatırladan Şərəf Öngay “Bir millət, iki dövlət” prinsipinə əsaslanan ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri, xüsusilə birgə hərbi təlimlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 5-09-2020, 21:24