mobil versiya

Daxili İşlər Nazirliyindən əhaliyə VACİB MÜRACİƏT




Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına ciddi əməl edilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən REPORTYOR.AZ-a daxil olan müraciətdə qeyd olunub ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır. DİN vətəndaşların diqqətinə çatdırır ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 26-11-2020, 16:53