mobil versiya

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib


Taylandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional komissiyasından biri olan Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 3-cü sessiyası keçirilir. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional dövrü müzakirəsi aparılır. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.
Tədbir çərçivəsində idarəetmə komitəsinin iclasına seçkilər keçirilib. İdarəetmə komitəsi iclasına sədr və UNESCAP-ın 4 subregionundan müavinlər seçilib. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov Şimali və Mərkəzi Asiya subregionundan (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) komitə iclasına sədr müavini seçilib və “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” adlı sessiyaya sədrlik edib.
Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Qeyd edək ki, Azərbaycan 31 iyul 1992-ci il tarixindən UNESCAP-ın üzvüdür. Qurum xüsusən nəqliyyat, İKT və enerji sahələrində maraqlarımızın təmin edilməsi baxımından çox önəmli bir platformadır.
Sözügedən tədbir zamanı dayanıqlı inkişaf erasında Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM) verə biləcəyi töhfəyə dair müzakirələr aparılır.
Sessiyada həmçinin ASİSM layihəsi üzrə indiyədək irəli sürülmüş bir sıra təşəbbüslərin tətbiqinin vəziyyəti nəzərdən keçirilib. Eləcə də layihənin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2019-2022 illər) üçün yenilənməsi nəzərdə tutulur.
İdarəetmə Komitəsinin 3-cü sessiyası çərçivəsində keçirilən ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, eləcə də ölkənin İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlər, həmçinin İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edən Azərbaycanın informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.  #bmt
/APA/
Hüseyn Vəliyev





GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 28-08-2019, 16:07