mobil versiya

Qiymətləri əl yandıran İPOTEKA KREDİTLƏRİ - Vətəndaşları aciz qoyan kimlərdir? - AÇIQLAMA




Azərbaycanda gənc ailələrin mənzilə sahib olmaq problemi hazırda əsas məsələlərdən biridir. Mənzil almaq istəyən vətəndaşlar ən yaxşı halda dövlətin təklif etdiyi güzəştli ipotekadan istifadə edirlər. Lakin bu ipoteka şərtləri bir çox hallarda vətəndaşlar üçün keçərli olmur. Çünki onlar həmin kateqoriyaya aid olmadıqları üçün güzəştli şərtlərdən yararlana bilmirlər.

BAKU.WS xəbər verir ki, belə olan halda isə vətəndaşlar özəl şirkətlərin təklif etdiyi 8-10 faizlik ipotekalı mənzillərə üz tuturlar.

Bu mənzillərin vətəndaşlar üçün nə qədər əlverişli olub-olmadığını "Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı BAKU.WS-ə dəyərləndirib. O bildirib ki, Azərbaycanda dövlət ipotekası, xüsusən də güzəştli şərtlərlə verilən ipoteka hamı üçün əlçatan deyil:

"Çünki bu ipoteka xüsusi kateqoriyaları əhatə edir. Ümumi ipoteka şərtləri isə belədir ki, gənc ailənin gəlirləri 1200-1300 AZN olmalıdır. Həmçinin bu gəlirlər rəsmi olmalıdır. Buna cavab verən ailələrin sayı isə çox azdır.

Özəl şirkətlə bağlı vəziyyət isə daha mürəkkəbdir. Hesab edirəm ki, özəl şirkətlərin təklif etdiyi ipoteka kreditləri kənardan əlçatan görünsə də, vətəndaşlar üçün təhlükəlidir. İnsanlar bir çox hallarda buna aldanırlar, amma bu məsələ ciddi şəkildə təhlil olunmalıdır.

Tikinti şirkəti 8-10 faizlə ipoteka təklif edirsə, mənzilin nağd satışla müqayisədə dəyərini xeyli yuxarı göstərir. Eyni zamanda bunun üzərinə faiz dərəcələri də əlavə olunduqda 5-20 il müddətinə mənzilin ipoteka alışında 3 dəfəyə yaxın ziyana düşür. Bu, olduqca riskli anlayışdır və tədricən vətəndaşlar bu cür şirkətlərə etimadı azaltsa da, bazarda alternativ olmadığından şirkətlərin işi yaxşı gedir. Misal üçün "Kristal Abşeron" şirkəti Azərbaycanda az qala ən çox tikinti aparan şirkətlərdən biridir. Həm mərkəzə yaxın, həm də kənar ərazilərdə tikinti aparır və ipoteka ilə daha çox satışa üstünlük verir. Alternativ məhsulun rəqabətliliyinin aşağı olması səbəbindən bu cür şirkətlər mənzili baha qiymətə satırlar".



Ekspert əlavə edib ki, dövlətin təklif etdiyi layihələrə qarşı tələb olduqca yüksəkdir. Lakin bazara pul kütləsinin stabilləşməsi və planlı şəkildə ötürülməsi məqsədilə İpoteka Fondu və dövlət ehtiyatlı davranmağa üstünlük verir:

"Birdən-birə 80-150 milyonluq vəsaitin bazara çıxması qısa müddət ərzində qiymət artımına gətirib çıxarır. Buna görə kommersiya bankları bu prosesə cəlb olunmalıdır. Dövlət həmçinin işə götürən və işçi arasında münasibətləri tənzimləməlidir. Yəni işçilərin əmək haqqının məbləği faktiki olaraq əldə etdiyi vəsaitə uyğun olmalıdır.

Tikinti şirkətlərinin qiymət siyasətinə də nəzarət olunmalıdır. Mən, əlbəttə, əleyhinəyəm ki, tikinti şirkəti qiymət müəyyən edərkən ona müdaxilə edilsin. Lakin tikinti şirkəti nağd satışla 1 kvadrat metr 1000 manata bazara çıxarırsa, ipoteka kreditləşməsi zamanı onun 1300-1500 manata rəsmiləşdirməsinə yol verilməməlidir. Bu, vəziyyətdən sui-istifadə etməkdir. Bu, insanların cibinə girməkdir".

KARUSEL / SOSİAL
Tarix: 6-06-2022, 13:13