Azərbaycanda “TikTok”dan pul qazananların NƏZƏRİNƏ: Vergiyə cəlb oluna bilərsiniz - FOTO
Kimi rəqəmsal marketinq fəaliyyətləri, kimi sırf əyləncə, bir qismi isə tanınmaq və özünə bir iş yeri yaratmaq kimi məqsədlər üçün müəyyən sosial media platformalarından istifadə edirlər. ”Instagram”, “YouTube”, “TikTok”, “Facebook” və “Twitter” kimi sosial media platformaları cəmiyyətdə ən çox istifadə edilən sosial media platformaları olaraq bilinir.
Dövrün tələbinə uyğun olaraq xüsusilə iş adamlarının və məşhur simaların yeni sosial media platformalarından biri olan “TikTok”a üz tutduqları görülür. Çünki “TikTok” ölkəmizdə və dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir.
Lakin son illər Azərbaycanda bir xeyli populyarlaşan “TikTok” sosial şəbəkəsi Azərbaycan mənbəyindən kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, ölkəmizdə hələ də vergi ödəyicisi deyil.
Türkiyə nümunəsinə baxsaq, görərik ki, qardaş ölkə “TikTok”u vergiləndirməyə məcbur edib. Belə ki, “TikTok” Türkiyə ofisi Ankara hökumətinə 2021-ci ildə qazandığı 1,2 milyard türk lirəsinə (TL) görə 92,9 milyon TL rəqəmsal xidmət vergisi verib.
Dünyanın digər ölkələrindəki nümunəyə də nəzər salsaq, eyni prosesin bir çox ölkələrdə tətbiq edildiyini görərik.
Belə olan halda ortaya bir sual çıxır: Bəs “TikTok” Azərbaycan mənbəyindən kifayət qədər gəlir əldə etdiyi halda, niyə hələ də vergi ödəyicisi deyil?
Mövzu ilə bağlı "oxu.az"a danışan vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib ki, bu platformanın Azərbaycan mənbəyindən onun sahibi, yəni sosial şəbəkənin özü gəlir əldə edir ki, vergi qanunvericiliyinə görə, qeyri-rezidentin əldə etdiyi gəlir ödəmə mənbəyindən 18 faiz dərəcəsi ilə vergiyə cəlb olunur:
“Hazırkı vəziyyətdə isə xarici qeyri-rezident sosial şəbəkələrin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq, hələ də vergiləndirilməsi qanunvercilikdə nəzərdə tutulmayıb. Amma bu layihə üzərində iş gedir, yəni, bu tipli qeyri-rezidentlərin sosial şəbəkələr üzərindən Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər artıq vergiləndiriləcək və qarşıdakı illərdə Azərbaycanda virtual daimi nümayəndəlik yaradılacaq. Məsələ ilə əlaqədar qanun layihəsinin müzakirəsi aparılır”.
Ekspert bildirib ki, həmçinin bu məsələdən gəlir əldə edən digər şəxslər Azərbaycan vətəndaşlarıdır:
“İstər məşhur bloqerlər, istər müğənnilər, istər influenserlər, bir sözlə sosial mediadan gəlir əldə edən şəxslərə göndərilən məbləğlərdən 50 faizi onlara çatır. Lakin gəlir əldə etmələrinə baxmayaraq, bu gəlirdən vergi ödəmirlər. Halbuki, vergi qanunvericiliyimizə əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən 20 faiz dərəcəsi ilə, qeyri-sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi gəlirdən isə 14 faiz dərəcəsi ilə vergiləndirilmə nəzərdə tutulub”.
A.Bayramov təəssüflə qeyd edib ki, Azərbaycan reallığında bloqerlərin bir çoxu lüks həyat yaşayıb və yüksək gəlirlər əldə etsələr də, bu gəlirlərdən vergi tutulmur:
“Təsəvvür edin ki, onlar biznes şəbəkəsi quran, azı 10 nəfərə əməkhaqqı verən bir şəxsdən daha artıq gəlir əldə edirlər, lakin gəlirləri vergiləndirilmir. Vergi nəzarətinin getdikcə gücləndiriləcəyi, sözügedən şəxslərin bank hesablarına nəzarət və həmin hesablardan vergi orqanlarına inteqrasiya nəzərdə tutulub. Bir sözlə, həmin şəxslərin bank hesablarına pul gəldikdə vergi orqanı tərəfindən nəzarət həyata keçiriləcək. Eyni zamanda, onlardan pulun mənbəyi soruşula və vergiləndirilə bilərlər. Yaxın gələcəkdə kompleks şəkildə bu məsələlərin həlli nəzərdə tutulur”.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində keçirilən oyun zamanı bir sıra simvollar vasitəsilə insanlar tərəfindən tiktokerə hədiyyə jetonları göndərilir. Həmin jetonlar məbləğinə görə bir-birindən fərqlənir. Məsələn, “Aslan” simvollu jeton 300 dollar, “TikTok” simvollu jeton isə 350 dollar məbləğindədir.
KARUSEL / GÜNDƏM
Tarix: 17-08-2022, 16:55