Hindistanda “Qlobal Cənubun səsi” Zirvə toplantısı keçiriləcək
Hindistan 12-13 yanvar il tarixlərində “Qlobal Cənubun səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.
Zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. Məlumata görə 120-dən çox ölkə sammitdə iştiraka dəvət olunub.
Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də keçiriləcək. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.
Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir səs – bir məqsəd” olacaq.
Bundan əlavə, nazirlərin aşağıdakı mövzularda səkkiz sessiyası keçiriləcək:
- “İnsan Mərkəzli İnkişafın Maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası;
- Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə Artımın Balanslaşdırılması” mövzusunda sessiyası;
- “Qlobal Cənubun Prioritetləri – Əlverişli Mühitin Təmin Edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası;
- Energetika nazirlərinin “Enerji Təhlükəsizliyi və İnkişaf – Rifahın Yol Xəritəsi” mövzusunda sessiyası;
- Səhiyyə nazirlərinin “Dayanıqlı Səhiyyə Sistemlərinin Qurulması üçün Əməkdaşlıq” mövzusunda iclası;
- “İnsan Resurslarının İnkişafı və Potensialın Artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası;
- Ticarət nazirlərinin “Qlobal Cənubda Sinerjinin İnkişafı – Ticarət, Texnologiya, Turizm və Resurslar” mövzusunda sessiyası;
- “G-20: Hindistanın Sədrliyi üçün Təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.
“Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan termindir.
KARUSEL / DÜNYA
Tarix: 9-01-2023, 10:57